e859e696-c768-4ea3-a060-f0f396f44832..jpg

Azərbaycanda karqo fəaliyyətinə tələblər sərtləşdirilsin – TƏKLİF

Baxış sayı: 2. 108 dəfə baxılıb.

Azərbaycanda karqo fəaliyyətinə tələblər sərtləşdirilsin – TƏKLİF

“Azərbaycanda karqo (poçtdaşıma) fəaliyyətinə lisenziya almaqla bağlı tələblər
sərtləşdirilməlidir”.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası”
İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə bildirib.

Onun sözlərinə görə, tələblərin yumşaq olması bazarı qeyri-peşəkar şirkətlərlə
doldurub:

“Son illər Türkiyədən, hətta ABŞ-dən mal sifariş verib ölkəyə gətirənlərin
sayı kəskin artdığı üçün bazardakı karqo şirkətlərinin də sayı sürətlə artıb,
200-ə yaxınlaşıb. Təəssüf ki, şirkətlərin hamısına eyni cür lisenziya verilir.
Türkiyədən məhsul çatdıran da, dünyanın tanınmış daşıma şirkətini təmsil edən
də, hətta Azərbaycan daxilində məktub daşıyan şirkət də eyni cür lisenziya
alır. Çünki, bunun üçün qeyri-yaşayış təyinatlı kiçik bir ofisin, bir əməkdaşın
olması, 1 600 manat rüsum ödənilməsi kifayət edir.

Halbuki bir çox ölkələrdə lisenziya almaq üçün bank zəmanəti, müəyyən qədər
işçi və avtomobillər olmalıdır. Lisenziyaya tələblər sərtləşdirilməlidir ki,
hər yoldan keçən poçtdaşıma ilə məşğul olmasın. Hər adam bu işlə məşğul olanda
problemlər yaranır, sifarişlər vaxtında çatdırılmır, şirkətlər öhdəliklərini
yerinə yetirmir. Dediyim 200 şirkətin yarısı natamam fəaliyyət göstərir.
Lisenziyaya tələblər sərtləşdirilsə, əminəm ki, bazarda şirkətlərin sayı
azalar, xidmətin keyfiyyəti artar. Bazar elə də böyük deyil ki, 200-ə yaxın
poçtdaşıma şirkəti olsun”, – deyə o qeyd edib.

Bundan başqa, Ş.Qəribzadənin sözlərinə görə, hazırda bazarda haqsız rəqabət
halları da müşahidə edilir:

“Məsələn, yeni bir karqo şirkəti yaranır, müştəri cəlb etmək üçün aşağı qiymət
təklif edir və bir neçə ay ziyanla işləyir, müştəri toplayandan sonra qiyməti
artırır. Az sonra başqa bir şirkət bu üsulla bazara daxil olur. Bu, həm xarici,
həm də daxili poçt daşımaları ilə bağlı baş verir. Bundan başqa, qeyri-peşəkar
şirkətlər tenderlərdə aşağı qiymət təklif etməklə bazarda qiymətləri aşağı
salır və buna görə peşəkar şirkətlərin bu sahəyə investisiya etmək imkanları
olmur.

Azərbaycanda mobil əlavə üzərindən sifariş qəbul edən cəmi iki şirkət var.
Məktubların və yaxud bağlamaların statuslarını izləmək imkanını da iki şirkət
verir. Amma həmin şirkətlər digərləri ilə eyni şərtlərlə işləyir. Bir sözlə,
bazarda sağlam rəqabət yoxdur”.

Assosiasiya sədri poçtdaşıma sahəsində digər problemin ünvanlarla bağlı
olduğunu deyib:

“Bəzən rəsmi sənədlərdə bir ünvan qeyd edilir, küçənin girişində və yaxud
mobil xəritə tətbiqlərində başqa ünvan olur. Bəzən də küçənin ünvanı dəyişir,
amma sifarişdə köhnə ünvan qeyd edilir. Bundan əlavə, qeyri-peşəkar karqo
şirkətlərinin çox olması peşəkar şirkətlərin hava limanından yüklərini tez
çıxarmasına mane olur. Bir çox iri şirkətlər dəfələrlə öz investisiyaları
hesabına onlar üçün ayrıca anbarın yaradılması ilə bağlı müvafiq instansiyalara
müraciət edib. Təəssüf ki, buna nail ola bilməmişik. Bizim assosiasiyanın
yaranma səbəbi odur ki, xaricdə işlək olan təcrübəni Azərbaycanda tətbiq edək”.

Source link