Banklararası Kart Mərkəzinin (BKM) yaradılması ilə Azərbaycanda kart ödənişləri üzrə xərclər azaldılıb.
ÇıxışYolu.Com-ya Mərkəzi Bankdan verilən məlumata görə, keçən il bir sıra əməliyyat tipləri üzrə interçeync tarifləri aşağı salınıb.
Eyni zamanda, nağdsız əməliyyatların stimullaşdırılması məqsədi ilə BKM tərəfindən xidmət mərkəzləri arasında aparılan avtorizasiya sorğularının ötürülməsi, klirinqin aparılması və hesablaşmaların başa çatdırılması üzrə banklara tam ödənişsiz xidmət olunur.
Bankdan qeyd edilir ki, BKM-in yaradılması ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə hesablaşmalarda effektivliyin daha da artırılması, xidmət haqlarının bazar tələblərinə uyğun çevik tənzimlənməsinin təşkili, habelə nağdsız hesablaşmaların səmərəliliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mərkəzin əsas məqsədi ölkənin kart infrastrukturunun təhlükəsizliyinin və fəaliyyətinin davamlılığına əminliyin artırılmasıdır. Sistemin fəaliyyəti ilə ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə xidmət mərkəzləri arasında məlumat mübadiləsinin ölkədən kənara çıxmasının qarşısı alınıb və beynəlxalq kart təşkilatlarından asılılıq aradan qaldırılıb.
.