Azərbaycanda keçmiş prorektoru öldürməkdə təqsirləndirilənlərdən biri
əməliyyat müvəkkili olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Elm və Təfəkkür Universiteti”nin prorektorunun öldürülməsində
təqsirləndirilən şəxslər – Dəyanət Quliyev, Samir Quliyev və Müşfiq
Atakişiyevin cinayət işi üzrə məhkəməsi başlayıb .
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş
Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən
şəxslərin heç məhkəmənin başlaması ilə bağlı bildiriş almayıblar.
Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Müşfiq Atakişiyev Elm və Təhsil Nazirliyinin İqtisadiyyat
İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində iqtisad
elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışıb.
Təqsirləndirilən şəxs Dəyanət Quliyev isə Binəqədi Rayon Polis İdarəsinin 7-ci
Polis Şöbəsində əməliyyat müvəkkili olub.
Məhkəmənin hazırlıq iclası təqsirləndirilən şəxslərin bildiriş almadıqları
üçün yanvarın 17-nə təyin edilib.
İstintaq materiallarına əsasən, “Təfəkkür” Universitetinin prorektoru Tariyel
Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı
başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə
iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər
görülüb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar
Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair
sübutlar əldə edilib.
Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin
rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin
İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq
dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşfiq Atakişiyevin
zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində
qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində
onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə
həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr
müəyyən edilib.
Müşfiq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət
Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşfiq
Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində
isə həbs qətimkan tədbiri seçilib.