92331429-d937-4a89-8b64-4bfc839bcf59..jpg

Azərbaycanda kredit kartlarına maraq artıb: Faydası və zərəri nə olacaq? – ŞƏRH + FOTO

Baxış sayı: 975 dəfə baxılıb.

Azərbaycanda kredit kartlarına maraq artıb: Faydası və zərəri nə olacaq? –
ŞƏRH + FOTO

Mərkəzi Bankın açıqladığı rəqəmlərə əsasən, bank sistemi üzrə dövriyyədə olan
ödəniş kartlarının sayı yanvar ayının sonunda ötən aya nisbətən 231 min ədəd
artaraq, 13 milyon 488 min ədəd təşkil edib. Ödəniş kartlarında artım debet
kartları üzrə 18,3 faiz, kredit kartları üzrə 28,8 faiz olub.

Qeyd edilən statistika göstərir ki, əhalinin kreditlərə marağı yenidən
artmaqdadır. Bu sahədə bir müddətdir nisbətən durğunluq müşahidə edilsə də, son
zamanlar istehlak kreditlərinin xüsusilə plastik kartlar vasitəsilə əldə
edilməsi aktuallaşıb.

Maraqlıdır, kreditləşmənin canlanması iqtisadiyyata necə təsir edəcək?

Bununla əlaqədar Cixisyolu.com-a danışan bank hüququ üzrə ekspert Əkrəm Həsənov
düşünür ki, kreditlərə marağın artması daha çox pandemiyanın bitməsi ilə
bağlıdır:

“Bu sahədə dirçəliş əslində 2019-cu ildə başlamışdı. Sonradan pandemiya oldu
və buna görə, kreditlərin verilməsi ləngidi. Pandemiyanın təsirləri minimuma
endiyindən kreditləşmə artır.

Əhalini kredit götürməyə həvəsləndirən bir məqam da 2015-ci ildə baş verən
devalvasiyanın təsirlərinin aradan qalxmasıdır. Amma vətəndaşların banklara
etibarının artdığını deyə bilmərik. Çünki onsuz da vətəndaşlar həmişə kredit
almaq istəyirdilər. Əksinə, banklar kredit verməkdə maraqlı deyildilər. Onların
problemli kreditləri çox idi, qaytara bilmirdilər və bağlanmaq təhlükəsi
yaşayırdılar. İndi isə banklar daha yaxşı idarəetmə sistemi qura biliblər.
Problemli kreditlərin artmaması üçün müştərilərin daha düzgün təhlilini həyata
keçirirlər. Buna görə də kreditləşmədə də canlanma müşahidə edilir.

Xüsusilə kiçik həcmli istehlak kreditlərinin artmasına təsir edən amillərdən
biri də ölkənin bank sistemində inhisarlaşmanın güclənməsidir. Yəni 5-6 iri
bank əvvəllər vətəndaşlarla işləməyə meyl göstərmirdi, daha çox sahibkarlara
böyük məbləğli kreditlər verirdilər. İndi isə həmin banklar da pərakəndə
bankçılıq sahəsinə girişiblər, istehlak krediti təklif edirlər”.

Əkrəm Həsənovun fikrincə, kreditləşmənin bu şəkildə artımı ölkə
iqtisadiyyatına müsbət təsir etməyəcək:

“Çünki banklarımız əvvəlki kimi real iqtisadi sektora deyil, yenə istehlak
kreditlərinə meyilləniblər. Kreditlər daha çox sahibkarlara verilməlidir ki,
onlar böyüsünlər, inkişaf etsinlər, iş yerlərinin sayını artırsınlar,
insanların da gəliri, maaşı yüksəlsin. Bunun əvəzində isə banklar daha çox
vətəndaşlara meyillənirlər. Amma vətəndaşların kredit götürmək imkanları həmişə
olmayacaq. Yəni gəlir istənilən səviyyədə deyilsə, vətəndaşların kredit
götürmək, onu ödəmək qabiliyyəti aşağı düşəcək. İş yerləri isə bağlana bilər.
Hesab edirəm ki, indi aktivləşən tendensiya bir neçə il sonra problemli
kreditlərin artmasına gətirib çıxara bilər”.

Nağdsız şəkildə, kredit və debet kartları ilə ödənişlərin artmasına gəlincə
isə, ekspert bunun həm banklara, həm vətəndaşlara faydasının olduğunu
vurğulayıb:

“Kreditlərin istehlak məqsədilə istifadəsi gələcəkdə yüksək iqtisadi imkanlar
vəd etməsə də, ödənişlərin nağdsız həyata keçirilməsi, kreditlərin kart
vasitəsilə, banka getmədən alınması müsbət məqamdır. Bu, məsələnin texniki
tərəfidir. Banklar krediti nağd deyil, kartla verməkdə maraqlıdır. Çünki bu,
bankların xərclərini də iş yükünü də azaldır. Plastik kartlardan istifadənin
genişlənməsinin, nağdsız ödənişlərin artmasının həm vətəndaşlara, həm də
bankalara faydası var”.

Aysel Aslan

Source link