Azərbaycanda lift təsərrüfatı özəl sektora idarəetməyə verilə bilərmi?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda köhnə yaşayış binalarındakı liftlərə özəl şirkətlərin xidmət göstərməsi
halları getdikcə artmaqdadır.
Vətəndaşlar özəl sektorun xidmətindən istifadə etmələrini onun dövlət sektoru,
daha dəqiq desək, Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi
ilə müqayisədə daha yaxşı xidmət göstərməsi ilə izah edirlər.
İnsanların sözlərinə görə, xarab olmuş lifti özəl şirkətin nümayəndəsi elə
həmin gün düzəldə bilirsə, dövlət qurumunun nümayəndəsinin etdiyi təmir bir
neçə gün çəkə bilər. Bu da xüsusilə yuxarı mərtəbələrdə yaşayan insanlar üçün
həssas məsələdir.
Bir sözlə, Azərbaycanda lift təsərrüfatı rəsmən özəl sektora idarəetməyə
verilməsə də, qeyri-rəsmi olaraq özəl şirkətlər bu sahədə fəaliyyətdədir. Bəs
onlar rəsmi qaydada idarəetməyə cəlb oluna bilərmi? “Report” mövzunu
ekspertlərlə müzakirə edib.
Onlardan biri – Ramil Qasımzadə – lift təsərrüfatının özəl sektora idarəetməyə
verilməsini mümkün sayır:
“Mən hətta deyərdim ki, bu məsələ zəruridir. Çünki biz yeni tikilmiş
çoxmənzilli binalardakı liftlərə özəl şirkətlərin xidmət göstərdiklərini
görürük. Onların arasında əməlli-başlı rəqabət də var. Hər hansı Mənzil-Tikinti
Kooperativi və yaxud mənzil mülkiyyətçiləri bir şirkətdən narazı qalırlarsa,
müqaviləyə xitam verib digər şirkətə müraciət edirlər. Təəssüf ki, köhnə
yaşayış binalarında bunu rəsmi qaydada etmək hələ ki mümkün deyil və xidməti
yalnız “Lifttəmir” İstehsalat Birliyi göstərir. Onların isə xidmətindən əksər
vətəndaşlar narazıdırlar. Son nəticədə sakinlərdən lift pulunun yığılması da
asan olmur. Çünki insanlar verdikləri pulun qarşılığında normal xidmət görmək
istəyirlər. Vəziyyətdən çıxış yolu isə mənzil mülkiyyətçilərinin müştərək
cəmiyyətinin yaradılması ola bilər. Yalnız bu cəmiyyət binaya özəl şirkətin
xidmət göstərməsinə nail ola bilər”.
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru,
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Elnur Azadov da hesab edir
ki, həm yeni, həm də köhnə binalarda mənzil mülkiyyətçilərinin müştərək
cəmiyyətini yaratmaqla liftlə bağlı problemlərə son qoymaq olar:
“Lifttəmir” İstehsalat Birliyinin, hətta Bakı Şəhər Mənzil-Kommunal
Təsərrüfatı Departamentinin əməkdaşları vətəndaşlardan lift pulu yığsalar da,
bunun heç bir hüquqi əsası yoxdur. Çünki onlar sakinlərlə liftə xidmət
göstərilməsinə dair müqavilə bağlamırlar. Qanuna görə isə iki və daha çox
mənzilli köhnə və ya yeni binalarda mənzil mülkiyyətçilərinin müştərək
cəmiyyəti yaradılmalıdır, onun idarəetmə üsulu seçilməlidir. Bir sıra
xidmətlər, o cümlədən lift xidməti cəmiyyətin ümumi yığıncağında qəbul edilmiş
qərarlar əsasında əldə edilməlidir”.