b8344ac3-50d7-48aa-a14f-145aa5d81828..jpg

Azərbaycanda lombardlar tarixə qovuşur? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 763 dəfə baxılıb.

Azərbaycanda lombardlar tarixə qovuşur? – ARAŞDIRMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “Ödəniş təşkilatları və
elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi
Qaydası ”na əsasən ölkədə fəaliyyət göstərən bu
təşkilatlar üçün kreditləşmə üzrə limitlər, kapital üzrə minimum tələb və digər
tələblər müəyyən edilib.

Bununla bağlı “Report” sahənin mütəxəssisləri ilə danışıb.

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət
göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri
Tamerlan Rüstəmov bildirib ki, təşkilatlara minimum tələbin müəyyən edilməsi
Avropa Direktivi (PSD2) çərçivəsinə uyğun olaraq edilib.

“Bu tələblər müəyyən ediləndə mövcud vəziyyət qiymətləndirilir və əvvəlcədən
ekosistem iştirakçıları ilə koordinasiya edilərək dəfələrlə müzakirə edilib.
Göstəricilər və təyin edilən məbləğ tələbləri lisenziya alacaq ödəniş təşkilatı
və elektron pul təşkilatlarının təhlükəsiz və effektiv fəaliyyətinin təmin
edilməsi, ödəniş xidməti istifadəçilərinin hüquqlarının qorunması baxımından
mühüm əhəmiyyət kəsb edir. Ekosistemdə dayanıqlıq və rəqabətə davamlı ödəniş
təşkilatları və elektron pul təşkilatları fəaliyyət göstərəcək. Eyni zamanda,
innovativ həll və texnologiyaların tətbiqi genişlənəcək, maliyyə inkluzivliyini
genişlənməsində müsbət rol oynayacaq”, – T.Rüstəmov qeyd edib.

O, rəqəmsal platformaların fəaliyyətinin daha da aktivləşəcəyini gözləyir:

“Qaydanın bu xüsusiyyəti [kapital tələbi] ekosistem iştirakçıları arasında
rəqabətin daha da artmasına və ödəniş xidməti istifadəçiləri olan
istehlakçıların ehtiyaclarını qarşılayacaq innovativ həll və texnologiyaların
tətbiqinə imkan verəcək. Eyni zamanda, bu qayda açıq bankçılıq texnologiyasının
tətbiqi əsasında ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti və
hesab üzrə məlumat xidmətlərinin göstərilməsini, rəqəmsal platformaların
fəaliyyətinin daha da aktivləşməsini təmin edəcək”.

ABA-nın rəsmisi hesab edir ki, qaydanın digər mühüm bir xüsusiyyəti isə
maliyyə inklüzivliyinin inkişafına göstərəcəyi müsbət təsirdir: “Belə ki,
ödəniş agentləri şəbəkəsinin daha ucqar regionlarda formalaşdırılması,
məsafədən göstərilən ödəniş xidmətlərinə üstünlük verilməsi maliyyə
xidmətlərini əhali üçün daha əlçatan edəcək”.

İqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, bu qərar lombard bazarında olan
yüksək faizlərin qismən aşağı düşməsinə, insanların lombardlardan asılılığının
qismən azalmasına gətirib çıxaracaq:

“Qismən deməyimin səbəbi məbləğin hələlik 50 manatla məhdudlaşdırılmasıdır.
Hesab edirəm bu, pilot xarakterli ola bilər. Gələcəkdə bu məbləğ artırıla
bilər. Amma bugünkü şərtləri və müvafiq təşkilatların imkanlarını da nəzərə
alsaq bu məbləğ də qaneedicidir. Azərbaycanda maliyyə sıxıntıları olan insanlar
üçün bu kimi layihələrin reallaşdırılmasına, eyni zamanda biznes planların
nəticələrinin də gələcəkdə analiz edilməsinə və dövlət tərəfindən müvafiq
istiqamətdə əhalinin rifahının gücləndirilməsi proqramlarının hazırlanmasına
ehtiyac var”.

Ekspert bildirib ki, əsas məsələ maliyyə bazarları oyunçularının fəaliyyətinin
əhatə dairəsinin genişləndirilməsidir:

“Qərarın məqsədi bazarda müəyyən qədər daha rəqabətli mühitin yaradılmasıdır.
Çünki əsas məqsəd məhz ödəniş təşkilatlarının. elektron pul köçürmə xidməti
göstərən təşkilatların kredit vermə səlahiyyətinin yaradılması idi”.

Qərara əsasən, ödəniş hesabı üzrə pul vəsaitinin nağd formada mədaxili və
məxarici əməliyyatlarının aparılması (1), kredit köçürməsi, birbaşa debitləşmə,
ödəniş kartı və yaxud digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının
icrası (2), ödəniş alətlərinin emissiyası və ödəniş əməliyyatının ekvayrinqi
(3) xidmətlərini birlikdə və yaxud onlardan hər hansı birini ayrılıqda göstərən
ödəniş təşkilatının nizamnamə kapitalına tələb 500 min manat, pul köçürməsi və
ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti göstərən ödəniş
təşkilatının nizamnamə kapitalına tələb 100 min manat, elektron pul
təşkilatının nizamnamə kapitalına tələb isə 750 min manat müəyyən olunub.

Hesab üzrə məlumat xidməti göstərən ödəniş təşkilatı üçün isə kapital tələbi
qoyulmayıb. Bu təşkilat hər 100 minə qədər ödəniş xidməti istifadəçisinə görə
özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan sığortaçıda 50
min manatdan az olmayan məbləğdə mülki məsuliyyətini sığortalamalı və yaxud
özünə aidiyyəti şəxs olmayan və eyni maliyyə qrupuna aid olmayan kredit
təşkilatından və yaxud sığortaçıdan 50 min manatdan az olmayan məbləğdə zəmanət
almalıdır.

Source link