2023-cü il fevralın 10-u səhər saat 8 radələrində Bakının Xətai rayonunda
1977-ci il təvəllüdlü Solmaz Mansurova qətlə yetirilib.
Hadisə Sarayevevo küçəsi, ev 14, mənzil 63-də baş verib. Hadisə yerinə baxışda
iştirak edən 2007-ci il təvəllüdlü Ziya Mansurov mətbəx bıçağı ilə anasını
öldürdüyünü etiraf edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Solmaz Mansurovanın bədən səthində
195 ədəd bıçaq yarası aşkar edilib. Onun ölümünə kəskin qanitirmə səbəb olub.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, Solmaz Mansurova oğlu Ziya Mansurova daim şərəf
və ləyaqətini alçaldıb fiziki ağrılar verib. Ziya bunun üçün qisas məqsədi ilə
anasını öldürmək qərarına gəlib. O, fevralın 10-u səhər saat 6 radələrində
yaşadıqları evin mətbəx otağından bıçağı götürərək, yataq otağına keçib və
çarpayıda yatan qadına zərbələr vurmağa başlayıb.
Solmaz Mansurova xilas olunmaqdan ötrü, müqavimət göstərərək digər otağa
qaçıb. Ancaq Ziya ona çatıb, bacılarının gözlərinin qarşısında həmin otaqda,
anasının bədənin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq anasını xüsusi
amansızlıqla öldürüb.
İş üzrə dindirilmiş Ziya Mansurov bildirib ki, Xətai rayonunda yerləşən
məktəb-liseydə 9-cu sinifdə oxuyur. Uşaqlıqdan anası tərəfindən pis rəftara
məruz qalıb, ləyaqəti alçaldılıb, mütəmadi döyülüb:
“Bir dəfə Adil adlı sinif yoldaşımla telefonla danışan zaman anam üstümə
qışqıraraq məni söydü. Bunu eşidən sinif yoldaşım qorxusundan telefonu
söndürdü. Özəl şirkətdə mühafizəçi işləyən atam fevralın 9-u saat 18
radələrində gecə növbəsinə getmişdi. Həmin gün məktəbə gedib günorta qayıtdım.
Evdə nahar edib hazırlığa yollandım. Evə qayıdandan sonra bir qədər telefonda
oyun oynadım.
Əsəblərim gərgin olduğundan anamı öldürmək qərarına gəldim. Bütün gecə bunu
fikirləşdiyim üçün yata bilmədim. Ayın 10-u səhər saat 6 radələrində yatdığım
otaqdan çıxıb, mətbəxə keçdim. Bıçağı götürüb, anamın yatdığı otağa girdim və
çarpayıda yatan Solmaz Mansurovanın başına və bədəninin müxtəlif nahiyələrinə
ardıcıl zərbələr endirdim. Anam yuxudan ayılaraq qışqırıb bıçağı məndən almağa
çalışdı. Müqavimət göstərirdi. Sonra anam bacılarımın yatdığı otağa qaçdı.
Əlimdə bıçaqla onun arxasınca qaçdım. Səs-küyə oyanan bacılarım Nigara və
Nərminə qarşımamalarını deyərək, həmin otaqda anama zərbələr vurmaqda davam
etdim. Anam güclə ayaq üstə qalaraq əvvəl ayaqyoluna, sonra isə hamama qaçdı.
Qapını bağlamağa çalışsa da, buna imkan vermədim. Hamam otağında yerə yıxılan
anama yenə xəsarətlər yetirdim. Qadının səsi kəsildi və o, yerdə, hərəkətsiz
vəziyyətdə qaldı. Sonra hamamdan çıxdı, halı pisləşmişdi. Atam, sonra isə
təcili yardım briqadası ilə polis əməkdaşları gəldilər”.
Əvvəl də anasını eyvandan itələyib yıxmaq istəyib
Zərərçəkmiş şəxsin hüquqi varisi Sabir Hüseynov ifadəsində göstərib ki, qızı
Solmaz Faiq Mansurovla ailə həyatı qurub, nikahlarından 3 övladları dünyaya
gəlib:
“Solmaz “8-ci kilometr” bazarında yerləşən qadın paltarları mağazasında satıcı
işləyirdi. 2023-cü il fevralın 4-də Ziya anasını eyvandan itələyərək yerə
yıxmaq istəyib, lakin Solmaz bundan yayındığı üçün oğlunun istəyi baş tutmayıb.
Solmaz nə üçün belə hərəkət etdiyini soruşanda, oğlu guya zarafat etdiyini
demişdi. Bu hadisəni Solmaz mənə zəngləşəndə danışıb. Bundan 6 gün sonra Ziya
anasını yaşadığı evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisə zamanı
kürəkənim Faiq evdə olmayıb. Cinayəti gizlətməkdən ötrü Nigar atasına zəng
edib, anasının özü-özünə bıçaq zərbələri vuraraq intihar etdiyini deyib. Lakin
polis əməkdaşları hadisə yerinə gəldikdən sonra məlum olub ki, bu intihar
hadisəsi deyil”.
Şahid Faiq Mansurov bildirib ki, arvadı Solmaz çox əsəbi adam olub. Evdə və
işlədiyi mağazada heç kəslə yola getməyib:
“Kiçik bir səbəb hövsələdən çıxmasına, məni, oğlumu və qızları söyməsi, hətta
zor tətbiq etməsi üçün əsas olurdu. Bir dəfə mübahisə edən zaman mətbəx bıçağı
ilə ayağıma xəsarət yetirmişdi. Amma Solmaz arvadım olduğu üçün polisə məlumat
vermədim. Ziya məni anasından boşatdırmaq məqsədilə, anasının telefonunda saxta
kişi profili yaratmışdı və qadının həmin şəxslə sevgi söhbətləri aparmasını
göstərmişdi. Sonra oğlum telefonda olan yazışmaları mənə göstərdi. Mən də
mətbəxdə olan Solmaza ismarışları göstərərək, kiminlə yazışdığını soruşdum.
Arvadım bu yazışmaların ona aid olmadığını demişdi.
Fevralın 10-da səhər qızım Nərmin Solmazın telefonundan mənə zəng edərək,
Ziyanın analarını öldürdüyünü bildirdi. Dərhal işdən çıxıb, evə gəldim. Mənzilə
girəndə, qızların qonaq otağında divanda oturduqlarını, oğlumun isə ayaq üstə
dayanıb ağladığını, Solmazı isə hamam otağında, yerdə uzanıqlı, qana bulaşmış
vəziyyətdə gördüm. Yaxınlaşıb nəbzini yoxladım.
Ziyadan niyə öldürdüyünü? soruşanda, o ağlayaraq, cavab vermədi. Sonra zəng
edib hadisə barədə qardaşıma və Gəncə şəhərində yaşayan qayınatama məlumat
verdim”.
Şahid Nigar Mansurova ifadəsində göstərib ki, anaları əsəbi, çox çılğın qadın
olub, onları döyüb, təhqir edib, ataları ilə belə yola getməyib:
“Fevralın 10-da səhər bacımla qışqırıq səslərinə oyandıq. Yuxulu olduğumuz
üçün heç nə anlaya bilmədik. Anamızın qardaşımın vurduğu bıçaq zərbələrindən
yayınmağa çalışdığını gördük. Ziya bizi hədələyərək, hərəkətlərinə müdaxilə
etməməyimizi və qonaq otağına keçib oradan çıxmamağımızı bildirdi. Qorxaraq
bacımla qonaq otağına qaçıb qapını bağladıq. Bir müddətdən sonra anamın
qışqırıq səsi kəsildi. Qonaq otağından çıxıb, anamızı hamam otağında uzanıb
qaldığını gördük. Bundan sonra Nərmin atamıza zəng edərək, təcili evə gəlməsini
dedi”.
Məhkəmə iclasında Ziya Mansurov ittiham üzrə özünü təqsirli bilərək, əməlindən
peşman olmasını qeyd edib.
Prokuror təqsirləndirilən şəxsə 11 il cəza təyin edilməsini istəyib.
Məhkəmə nəticəyə gəlib ki, istintaq orqanı tərəfindən Ziya Mansurovun əməli
Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə)
maddəsi ilə düzgün tövsif edilib. Məhkəmə onun yetkinlik yaşına çatmamasını
cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib. Mansurovun cəzasını
ağırlaşdıran hallar müəyyən edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli tərbiyə
müəssisəsində çəkməklə Ziya Mansurov 10 il müddətinə azadlıqdan məhrum olunub.