Azərbaycanda müstəqil sığorta ekspertlərinə dair tələblər bazara necə təsir
edəcək?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətini təsdiq etdiyi “Müstəqil
ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”ə əsasən,
müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər,
müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan
xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə
də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib.
Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək.
Hesabatlar rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq
edilərək təqdim olunacaq.
Bəs bu tələblər sığorta bazarına necə təsir edəcək? “Report” mövzunu sektorun
ekspertləri ilə müzakirə edib.
“Müstəqil sığorta ekspertləri ilə məsləhətləşmək lazım idi”
Onlardan biri – İlkin İbrahimov hesab edir ki, tələblər müəyyən ediləndə
müstəqil sığorta ekspertləri ilə məsləhətləşmək lazım idi:
“Belə qərarları qəbul edərkən müstəqil ekspertlərlə də görüşlərin keçirilməsi
məqsədəuyğun olardı. Azərbaycanda çoxlu sayda ekspert var. Onların belə
qərarların qəbulunda iştirak etməməsi təəssüf doğurur. Ümumilikdə isə sözügedən
tələblərin müəyyən edilməsi çox müsbət haldır. Əvvəl müstəqil ekspertlərlə
bağlı qanunvericilikdə qeydlər olsa da, bəzi məsələlər açıq qalmışdı. Onların
hüquq və vəzifələri müəyyən edilmirdi. Bu sahədə qaydalar demək olar yox idi və
buna görə də bir qədər pərakəndəlik hökm sürürdü”.
“Yəqin ki, bu tələblər müstəqil ekspertlərin sertifikasiyadan sonra tətbiq
ediləcək. Hələlik sertifikasiya olmadığına görə, hesabatlılığın da ola biləcəyi
sual doğurur. Müstəqil ekspertlər sertifikasiyadan keçməli, onların fəaliyyət
istiqamətləri müəyyən edilməlidir ki, hesabatlılıq da olsun. Amma sözügedən
tələblərin əvvəlcədən müəyyən edilməsi bazarın gələcək inkişafına təkan
verəcək”, – deyə o qeyd edib.
“Yalnız peşəkarlar ekspert olmalıdır”
Digər ekspert Kamran Babayev də “Müstəqil ekspert fəaliyyətinin həyata
keçirilməsinə dair minimum Tələblər”in təsdiq edilməsini müsbət hal kimi
qiymətləndirir:
“Müstəqil ekspertlərin sığorta bazarında rolu çox önəmlidir. Çünki müştəri ilə
sığorta şirkəti arasında zərərin qiymətləndirilməsində problemlər olur. Onlar
razılığa gəlməyəndə müstəqil ekspert seçilir. Yalnız peşəkar, eyni zamanda
dürüst və ədalətli insanlar ekspert olmalıdır. Elə tələblər tətbiq edilməlidir
ki, məhz işini bilən insanlar sığorta bazarında fəaliyyət göstərsinlər”.
“Düşünürəm ki, müstəqil ekspertlərdən başqa təmir müəssisələrinə dair tələblər
də olsa, bazara müsbət təsir göstərər. Sığorta şirkətləri keyfiyyətli işlər
görən avtoservislərə müraciət etməlidir. Bu, xidmətin keyfiyyətinin artmasında
müsbət rol oynayar. Bir sıra meyarlar müəyyən edilər və onlara cavab verən
avtoservislər sığorta şirkətləri ilə əməkdaşlıq edər”, – deyə o qeyd edib.