03049fc5-52a7-439e-bd3d-df0955996e95.jpg

Azərbaycanda Müstəqilliyin Bərpası Günü: Şanlı keçmişdən parlaq gələcəyə

Baxış sayı: 164 dəfə baxılıb.

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.

Cixisyolu.com xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin
Milli Şurası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək
İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan
edib.

Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılıb, dövlət
atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu
sahəsində mühüm tədbirlər həyata keçirilib.

Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması,
diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar
atılıb.

Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin
möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin
olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynayıb.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində
demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi
haqqında” Konstitusiya Aktıqəbul olunub .

Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və
“Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında”
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli
Bəyannaməsinə istinad olunub, Azərbaycan Respublikasının Azərbaycan Xalq
Cümhuriyyətinin varisi olduğu təsbit edilib.

“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına
əsasən, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa
edib.

Azərbaycan bu gün müstəqil dövlət kimi xarici siyasətini özü müəyyən edir və
mötəbər tribunalarda müsbət mənada ölkəmizin adı çəkilir.

Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistan üzərində həlledici qələbə
qazandıqdan sonra öz əhəmiyyətini daha da artırıb.

Bu gün dünya dövlətləri Azərbaycanı yeni reallıqlar yaradan ölkə kimi qəbul
edir, enerji, təhlükəsizlik məsələlərində onunla hesablaşırlar.

Source link