Azərbaycanda oynamış ilk portuqaliyalı: Bakıda şərtlər “Sportinq”in lehinədir

Baxış sayı: 2. 282 dəfə baxılıb.

Azərbaycanda oynamış ilk portuqaliyalı: Bakıda şərtlər “Sportinq”in lehinədir

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Renatu Keyroş Portuqaliyanın “Sportinq” klubunun “Qarabağ”a qarşı oyunundan danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, 2012-ci ildə karyerasını başa vurmuş 41 yaşlı sabiq hücumçu ojogo.pt saytına açıqlamasında həmyerlilərinin bu qrupda mərhələ adlayacağına şübhəsinin olmadığını bildirib: 

“Sportinq”in mərhələ adlayacağına şübhəm yoxdur. Çox yaxşı kollektivə sahibdirlər və avrokuboklarda heç də pis təsir bağışlamırlar. Bakı səfərində hədəfə çatmaq üçün bütün şərtlər “Sportinq”in lehinədir”.

2008/2009 mövsümündə ölkəmizdə çıxış etmiş və Azərbaycan çempionatında cəmi üç oyun keçirmiş portuqaliyalı futbolçu “Xəzər Lənkəran” macərasını yada salıb: 

“Həmin vaxt karyeramı Portuqaliyada davam etdirmək şansım var idi. Təkliflər almışdım. Lakin bir biznesmen mənə zəng vuraraq Azərbaycan klubunun maraq dairəsində olduğumu dedi, bu keçidə razılıq verib-verməyəcəyimi soruşdu.

Açığı, bu dəvət mənim üçün sürpriz oldu. Çünki həmin ölkə barədə heç nə bilmirdim. Komanda həmin vaxt Avstriyada təlim-məşq toplanışında idi. Oraya gedib bir həftə kollektivlə hazırlıq keçməyə və tanış olmağa razılaşdım. Mənim üçün hər şey yaxşı alındı və müqavilə imzaladım.

Son on ildə Azərbaycan futbolunda çox dəyişiklik olub. Onların 2008-ci ildəki durumu ilə indini müqayisə etmək mümkün deyil. Çünki o vaxt həm çempionat, həm də əksər klublar ilk addımlarını atırdılar. İndi komandaları daha yaxşı təşkilatlanıb, stadionları əvvəlkindən yaxşıdır və çempionluq yarışı başqa ölçüyə çatıb. Yəni on il əvvəl belə uzaq ölkəyə köçmək çətin idi.

Futbol bazarı fərqli idi. Oyunçuların gedə biləcəyi yeganə yer Kipr idi. Avropa, Asiya və Amerikanın qalan hissəsi ilə bağlı variant, demək olar ki, mümkün deyildi. Amma tərəddüd etmədim, çünki müsbət aspektlər gətirəcəyini bilirdim.

Düzdür, oraya uyğunlaşmaqda çətinlik çəkirdim. Ancaq oranın mədəniyyətini tanıdan və evini üzümə açan Füzuli (hazırda “Neftçi”nin məşqçisi işləyən Füzuli Məmmədov onun komanda yoldaşı olub – S.M.) ilə dostluq etdim. O deyirdi ki, oynamağa layiq olan yeganə futbolçu onun özüdür”.

Qeyd edək ki, Renatu Keyroş Azərbaycana gəlmiş ilk portuqaliyalı olub.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com