AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan kubokunun 1/2 final mərhələsinin oyunu olan “Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan meydan sahibi komandasının mühafizəçi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə Sumqayıt klubunu cəza gözləyir.
Hakim səhvi ilə əlamətdar olan “Sabah” – “Keşlə” matçı başa çatdıqdan sonra isə qonaq komandanın litvalı futbolçusu Edvinas Qirdvaynis stadionun dəhlizində pəncərəni əli ilə sındırıb. Masazırdakı “Əlincə Arena”ya dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesab əsasında “Keşlə” tərəfindən ödənilməlidir.
Gənclər Liqasının “Səbail” – “Sumqayıt” matçında qonaq komandanın üç futbolçusu və baş məşqçisi meydandan qovulub. Sumqayıt komandasının iki futbolçusu – Cavidan Abbaszadə və Cəlal Cəbrayılov, eləcə də baş məşqçi Aqil Məmmədov hakimi təhqir etdikləri üçün dörd oyunluq cəzalanıb.
Futzal üzrə Yüksək Liqanın “Neftçi” – EKOL matçı başa çatandan sonra qonaq komandanın qapıçısı Emin Kürdov hakimi, meydan sahiblərinin oyunçusu Rüfət Balakişiyev tribunadan hakimlər briqadasını təhqir etdiyinə görə dörd matçı buraxmalı olacaq.
Səbuhi MUSAYEV