Azərbaycanda pandemiyadan zərər çəkmiş sahibkarların kredit borcu dövlət
tərəfindən ödənilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanda 41 sahibkarın banka vaxtı ötmüş kredit borc öhdəliklərini dövlət
qarşılayıb.
Bu barədə Maliyyə Nazirliyi xəbər yayıb.
Məlumata görə, Nazirlər Kabinetinin 9 iyul 2020-ci il tarixli qərarına əsasən,
koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə
dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində
kommersiya banklarının sahibkarlara ayırdığı kredit məbləğinin 60%-nə qədər
olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub.
Dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit
ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin
olunub. Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın
İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı
sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin
verilməsində zamin tərəf müəyyən olunub.
Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi
vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank
qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin
Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min
manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1 531,1 min manat
həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində
ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş
kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb.
Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın
İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə
banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək
hüququna malikdir.