a949341f-a7c0-42b6-bfba-b89fdf0558ae..jpg

Azərbaycanda pensiyaçılara kredit niyə çətinliklə verilir? – ARAŞDIRMA + FOTO

Baxış sayı: 586 dəfə baxılıb.

Azərbaycanda pensiyaçılara kredit niyə çətinliklə verilir? – ARAŞDIRMA + FOTO

Azərbaycanda pensiyaçılar kredit götürməkdə çətinliklərlə üzləşirlər.

Təcrübə göstərir ki, banklar və bank olmayan kredit təşkilatları (BOKT) ya
pensiyaçılara kredit verməməyə, ya da ən yaxşı halda məhdud məbləğdə və müddətə
kredit verməyə çalışırlar.

Məsələn, Azərbaycanda geniş yayılmış təcrübəyə əsasən, yaşı 70-i keçmiş
pensiyaçılar ya kredit ala bilmirlər, ya da yaşı 70-ə çatmamış pensiyaçılara
kredit o şərtlə verilir ki, borcun qaytarılması üçün son tarixə pensiyaçının
yaşı 70-dən çox olmasın.

Halbuki, Azərbaycanda pensiyaçılar əhalinin əhəmiyyətli hissəsini təşkil
edirlər. Bu il iyulun 1-nə ölkədə 1,1 milyon pensiyaçı olub ki, bu da hər 9
nəfərdən biri deməkdir. Pensiyaçılara dövlət hər ay minimum 280 manat, orta
hesabla isə 435 manat ödəyir. Bu məbləğin də müəyyən hissəsi kredit ödənişinə
yönəldilə bilər.

“Report” mövzunu – pensiyaçılarla bağlı problemin həll yollarını
iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri – Əkrəm Həsənov deyir ki, pensiyaçılara kreditin çətinliklə
verilməsi təkcə Azərbaycanda deyil, bütün dünyada rast gəlinən haldır:

“Təcrübə göstərir ki, pensiya yaşında olan vətəndaşlar kreditlərini rahat
ödəyə bilmirlər. Üstəlik, onların krediti qaytarmamış vəfat etməsi ehtimalı
var. Odur ki, kredit təşkilatları bu kateqoriyadan olan insanlara ehtiyatla
yanaşır. Söhbət təkcə pensiyaçılardan və nağd pul kreditlərindən getmir.
Məsələn, orta (45-50) yaşlı insan 25 il müddətinə ipoteka krediti götürmək
istəsə, banklar ona da ehtiyatla yanaşacaqlar və çalışacaqlar ki, kreditin son
ödəniş tarixinə müştərinin yaşı 65-dən çox olmasın”.

“Pensiyaçılar yalnız dəyəri yüksək olan daşınar və daşınaz əmlaklar (maşın,
ev, torpaq) girov qoyub istədikləri məbləğdə və müddətə kredit götürə bilər.
Yəni, problemin həlli yolu ancaq bu ola bilər. Girov olmasa, kredit
təşkilatları çətin vəziyyətə düşə bilər. Bəzən kredit götürmüş pensiyaçı ölür,
övladları isə onların yerinə borcu qaytarmaqdan imtina edirlər. Bu da borc
vermiş qurumlar üçün problem yaradır”, – deyə o əlavə edib.

Digər ekspert Xalid Kərimli isə hesab edir ki, bankların və BOKT-ların
pensiyaçılarlı ehtiyatlı davranması onların vəfat etməsi ehtimalından çox aylıq
gəlirlərinin az olması ilə bağlıdır:

“Azərbaycanda orta aylıq əməkhaqqı 925 manat olduğu halda, orta aylıq pensiya
bunun 47 %-i qədərdir, yəni heç yarısı da deyil. Bu da pensiyaçıların normal
kredit almasına əsas maneədir. Onun da nəzərə almaq lazımdır ki, kredit
təşkilatları kredit borcunu birbaşa pensiyaçının kartından tuta bilmir (pensiya
ödənişləri üçün seçilmiş vasitəçi-bank istisnadır). Odur ki, pensiyaçılara
kreditin çətinliklə verilməsi başa düşüləndir”.

“Pensiyaçılar yalnız əlavə və rəsmi gəlirlərini təqdim etməklə rahat kredit
ala bilərlər. Məsələn, kimsə malik olduğu kommersiya obyektinin icarəyə
verilməsindən əldə etdiyi gəlirə dair sənəd təqdim edə bilər və pensiyaçı olsa
da, çətinlik çəkmədən kredit götürə bilər. Biz bilməliyik ki, kredit sosial
yardım deyil. Krediti verən maliyyə qurumu onu faizi ilə birlikdə vətəndaşdan
geri almalıdır. Əgər sizin rəsmi gəlirinizi yalnız əmək haqqı təşkil edirsə
faktiki olaraq sizin pensiya yaşına çatan zaman gəlirinizdən məhrum olursuz və
yalnız pensiya məbləğini təqdim etməklə kredit götürə bilirsiniz. Yəni, kredit
təşkilatları istənilən halda vətəndaşın hansı təminata malik olduğuna
baxmalıdır”, – deyə o əlavə edib.

Source link