Azərbaycanda Peşə Məktəbinin direktoru korrupsiyaya görə tutuldu

Azərbaycanda Peşə Məktəbinin direktoru korrupsiyaya görə tutuldu

Baxış sayı: 2. 041 dəfə baxılıb.

Azərbaycanda Peşə Məktəbinin direktoru korrupsiyaya görə tutuldu

Oğuz Peşə Məktəbinin direktoru korrupsiyaya görə həbs edilib.

ÇıxışYolu.Com xəbər verir ki, Təhsil Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata əsasən, Oğuz Peşə Məktəbinin direktorunun qanunsuz hərəkətləri barədə əldə edilmiş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Təhsil Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu tədbirlərlə Oğuz rayonu, Bayan kəndində yerləşən Oğuz Peşə Məktəbinin direktoru Azər Nəcməddinovun məktəbin digər işçiləri vasitəsilə peşə məktəbində təhsil alan şagirdlərin “Kapitalbank” ASC tərəfindən təqdim edilmiş plastik kartlarından istifadə etməklə, 2017-2019-cu illər ərzində onların aylıq təqaüdlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılmasını təmin etmək məqsədilə A.Nəcməddinovun, baş usta İmdad İsmayılovun, baş mühasib və digər işçilərin xidməti otaqlarında, yardımçı sahələrdə, o cümlədən A.Nəcməddinovun yaşadığı rayonun Kərimli kəndində yerləşən evində məhkəmə qərarı ilə axtarış aparılıb.

Peşə məktəbinin şagirdlərinə məxsus 39 ədəd plastik kart, şagirdlər tərəfindən təhsil haqqı kimi ödənildiyi bildirilmiş 600 manat pul və iş üzrə digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb. 

İstintaq zamanı toplanmış ilkin sübutlarla Azər Nəcməddinovun qeyd edilən qanunsuz hərəkətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin və qanuni mənafeləri pozulmuş şagirdlərin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İlhamə Əbülfət