Azərbaycanda prorektorun qətlini sabiq rektor sifariş edibmiş – RƏSMİ + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
12 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayəti üzrə daha iki şəxs
məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru
Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixində qəsdən öldürülməsi faktı ilə
bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət
Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş
üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər
görülür.
Müşviq Atakişiyev
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar
Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair
sübutlar əldə edilib.
Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin
rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin
İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq
dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin
zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində
qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində
onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə
həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr
müəyyən edilib.
Tariyel Əhmədov
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət
Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq
Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində
isə həbs qətimkan tədbiri seçilib.
Ötən illərdən bağlı qalan qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə
cinayətlərinin üstünün açılması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb
edilmələrinin təmin olunması sahəsində kompleks tədbirlərin icrası davam
etdirilir.