8283b9a1-949a-4337-9758-081f613420c2..jpg

Azərbaycanda qadın maşınına mindiyi leytenatı bıçaqladı: “Mənə elə təkliflər etdi ki…”

Baxış sayı: 2. 326 dəfə baxılıb.

Azərbaycanda qadın maşınına mindiyi leytenatı bıçaqladı: “Mənə elə təkliflər
etdi ki…”

Gəncə şəhərində 1989-cu il təvəllüdlü Aybəniz şəxsi münasibətlər zəminində
yaranan münaqişə zamanı tanışı Əliyə (adlar şərti verilib – red.) xəsarət
yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə 6 dekabr 2021-ci ildə
Gəncənin Təbriz küçəsində yerləşən “Lukoil “ adlanan yanacaqdoldurma
məntəqəsində baş verib.

Orada Aybənizlə Əlinin arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb.
Münaqişə zamanı Aybəniz ona bıçaqla xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Aybənizin barəsində Cinayət Məcəlləsinin 126.1-ci
(qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (silah qismində istifadə olunan
əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq
olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə
müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan
edilib.

“Ərimdən boşanmışam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aybəniz ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, ailə üzvləri ilə birlikdə Daşkəsəndə qeydiyyatda olsa da, Gəncə
şəhərində mərmər sexinin yanında fərdi yaşayış evində kirayədə qalır:
“Himayəmdə azyaşlı övladım var. Əlini bıçaqla vurmamışdan iki gün əvvəl
tanımışam. Onunla heç bir düşmənçiliyim və yaxud ədavətim olmayıb.

“Lukoil” yanacaqdoldurma məntəqəsində xadimə işləyirdim. Ərimdən ayrıldıqdan
sonra iki azyaşlı övladlarımdan biri atasında qalıb, biri isə mənim
himayəmdədir. Övladımı bağçaya qoyuram. İşdən evə və uşağı bağçadan iş yerinə
gətirən zaman çox vaxt Gəncə-Daşkəsən avtomobil yolunun kənarında təsadüfən
həmin istiqamətə gedən tanımadığım avtomobillərə əl edirdim.

Avtomobillərdən saxlayan olanda maşına minib uşağımı bağçadan götürürdüm və
yaşadığım evə gedirdim”.

“Mənə “bacı” deyə müraciət etdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, dekabrın 4-də səhər tezdən yaşadığı
Savalan küçəsindən iş yerinə gəlmək üçün “Mercedes” markalı avtomobilə əl edib:
“Xahiş etdim ki, məni işlədiyim “Lukoil” yanacaqdoldurma məntəqəsinə aparsın.
Sürücü də razılaşdı. Uşaqla avtomobilə əyləşdim. Yolda sürücü özünün hərbçi
olduğunu bildirdi. Məndən mobil nömrəmi istədi ki, evimlə iş yeri arasında olan
məsafəni tez-tez gedib-gəlir, lazım olsa, məni də avtomobili ilə
aparıb-gətirsin.

Mən də mobil nömrəmi ona verdim. Həmin şəxs mənə – “bacı”, – deyə müraciət
etdi. Dedi ki, nə vaxt lazım olsa, avtomobili ilə məni işdən evə və ya əksinə
aparacaq. Sonra məni yanacaqdoldurma məntəqəsində düşürdü”.

“Bildirdi ki, ərin yoxdur, sənə kişi lazımdır”

Aybənizin sözlərinə görə, həmin gün günorta saatlarında Əli ona zəng edib:

“Dedi ki, səhər tezdən səni maşınla aparan şəxsdir. Dedim, lap yaxşı. Sonra
qayıtdı ki, o da boşanıb və boşanmış bir qadın kimi məndən xoşu gəlir, mənimlə
cinsi əlaqədə olmaq istəyir, lazımdırsa, hotel danışsın. Mən də ona düşündüyü
kimi qeyrətsiz qadın olmadığımı bildirdim. Ona boşanmağına inanmadığımı da
dedim. Həmin vaxt Əli evli olduğunu etiraf etdi. Bildirdi ki, onsuz da ərin
yoxdur, sənə də kişi lazımdır, məni arvad kimi saxlaya bilər.

Dedi ki, çox vəzifəli şəxsin arvadını altından çıxarıb saxlayıb, çox qeyrətli
qadını yoldan çıxarıb. Sonra söylədi ki, birinci günü axşam işdən çıxandan
sonra hotel danışacaq və mənimlə hoteldə cinsi əlaqədə olacaq. Tapşırdı ki,
uşağı müvəqqəti saxlamaq üçün harasa qoyum. Mən də cavabımda dedim ki, dünya
dağılsa da, uşağı heç kimin yanına qoymayacağam.

Üstəlik bildirdi ki, hoteldə mənimlə iyrənc formada, arxa və qabaq nahiyədən
cinsi əlaqədə olacaq.

Əlinin mənə əxlaqsız təkliflər etməyi çox pisimə gəldi, ondan qisas almaq
fikrinə düşdüm. Ona görə də birinci günü hoteldə mənimlə cinsi əlaqədə olmaq
təklifinə – “hə”, – dedim. Məqsədim o idi ki, Əli məni hotelə aparsın, ondan
sonra onunla baş-başa qalım və bıçaqla onu vurub başa salım ki, əxlaqsız qadın
deyiləm”.

“Dedi ki, avtomobildə də əxlaqsız hərəkətlər edərəm”

Aybənizin ifadəsinə görə, səhəri gün Əli yenə də ona zəng edib:

“Bildirdi ki, birinci gün axşam işdən çıxandan sonra hotelə gedəcəyik. Hoteldə
əvvəlcə mənim seksin iyrənc formasını edəcəyimi, sonra isə təbii və qeyri-təbii
yolla cinsi əlaqədə olacağımızı söylədi. Əlini inandırmaq üçün cavab verdim ki,
narahat olma, hotelə gedəcəyik və hansı formada desən, səninlə həmin formada
cinsi əlaqədə olacağam. Həmçinin dedi ki, avtomobildə qabaqda oturaram, orda da
əxlaqsız hərəkətlər edərəm. Etiraz etdim ki, avtomobildə arxada oturacağam. Ona
bildirdim ki, onsuz da hotelə gedirik, nə lazımdırsa orada edərəm.

Əlinin sözləri və mənə əxlaqsızlıq təklif etməsi çox pisimə gəldi. Yaşadığım
evdə mətbəxdən kiçik ölçülü bıçağı götürüm və əl çantama qoydum ki, Əli ilə
görüşəndə onu vurum”.

“Mənə əxlaqsız təkliflər etdiyi üçün bıçaqla vurduğumu dedim”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün səhər saat 7 radələrində azyaşlı
oğlu ilə yoldan keçən tanımadığı avtomobillə Gəncə-Qazax avtomobil yolunda
yerləşən və Daşkəsən rayonu istiqamətində böyük körpünün altına gedib: “Orada
Əliyə zəng etdim və dedim ki, onu gözləyirəm, gəlsin.

Əli gəldi, azyaşlı oğlumla avtomobilin arxa oturacağında əyləşdim. Dedim ki,
telefonda mənə etdiyi əxlaqsız təklifləri üzümə desin. O üzümə qarşı əvvəlki
gün dediklərini təkrarladı. Əsəbi formada dedim ki, sür avtomobili, gedək.
Bildirdim ki, avtomobili işlədiyim yanacaqdoldurma məntəqəsinə sürsün, guya
uşağın sənədlərini götürəcəyəm.

Məqsədim o idi ki, Əlini elə işlədiyim yanacaqdoldurma məntəqəsində bıçaqla
vurum, birdən hərəkətdə olan zaman vuraram, avtomobil qəzaya düşər, övladım da
xəsarət alar.

Biz avtomobillə yanacaqdoldurma məntəqəsinə daxil olan kimi çantamda olan
bıçağı çıxardım və Əliyə əvvəlcə sağ bədən nahiyəsinə iki dəfə vurdum. Əli
avtomobil hərəkətdə ola-ola sol ayağını avtomobildən yerə saldığı üçün 4-5 dəfə
də onun buduna vurdum.

Əli avtomobili saxlayıb yerə düşdü, mən də sürücü tərəfdən avtomobildən endim.
Onu yenidən bıçaqla vurmaq istədim. Lakin Əli məndən uzaqlaşdığı,
yanacaqdoldurma məntəqəsində işləyən şəxslər mane olduğu üçün onu daha vura
bilmədim. Ancaq əsəbdən həm əlimdə olan bıçaqla, həm də ayağımla Əlinin
maşınına zərər vurmağa başladım.

Əli avtomobilə əyləşdi və yanacaqdoldurma məntəqəsindən uzaqlaşdı. Mən də
bıçağı yanacaqdoldurma məntəqəsində özümə məxsus otaqda pəncərənin yanına
qoydum. Sonra oğlumu bağçaya apardım. Daha sonra qayıdıb təmizlik işlərini
gördüm. Sonra polisə gedərək tanımadığım bir nəfəri mənə əxlaqsız təkliflər
etdiyi üçün bıçaqla vurduğumu dedim”.

“Uşağa rəhmim gəldi”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əlinin sözlərinə görə,
ailəsi ilə Göygöl rayonunda yaşayır:

“Hərbi sahədə işləyirəm, baş leytenantam. Evliyəm, himayəmdə 3 azyaşlı övladım
var”.

Əli qeyd edib ki, Aybənizi tanıyan vaxtadək onunla hər hansı münasibəti
olmayıb:

“Yaşadığım Göygöl rayonundan “Mercedes Benz” markalı avtomobilimlə Gəncə
şəhəri ərazisində yerləşən hərbi hospitala gəlib-getmişəm. Həmişə olduğu kimi
dekabrın 4-də saat 8 radələrində idarə etdiyim avtomobillə hospitala yola
düşdüm. Gəncə şəhəri istiqamətində hərəkətdə olan vaxt yolun kənarında bir
nəfər qadının yanında azyaşlı uşaqla dayandığını gördüm.

Qadının yanına çatanda qadın mənə tərəf əl ilə işarə etdi. Əvvəlcə avtomobili
dayandırmaq istəmədim. Çünki valideynlərim mənə nəsihət ediblər ki, yolda qadın
gördüyün halda heç vaxt avtomobili dayandırmayım. Lakin qadının yanında azyaşlı
uşaq dayandığına və səhər tezdən hava soyuq olduğuna görə uşağa rəhmim gəldi.

Qadın avtomobilin arxa sağ qapısını açaraq məndən xahiş etdi ki, onu işlədiyi
“Lukoil” yanacaqdoldurma məntəqəsinə aparım. Mən də etiraz etmədim, qadın uşağı
ilə avtomobilin arxa oturacağında əyləşdi”.

“Mobil nömrəsini mənə verdi”

Zərərçəkmiş qeyd edib ki, bundan sonra avtomobilini Gəncə şəhəri istiqamətində
idarə etməyə başlayıb:

“Yolda Aybəniz “Lukoil” yanacaqdoldurma məntəqəsində xadimə işlədiyini,
azyaşlı uşağını isə Gəncə şəhərində bağçaya qoyduğunu bildirdi.

Söhbət zamanı Aybəniz ərindən ayrıldığını və azyaşlı uşağı ilə birlikdə
yaşadığını da dedi. Mən də hərbçi olduğumu, hər gün Göygöl rayonuna
gedib-gəldiyini söylədim. Aybəniz dedi ki, hər gün azyaşlı uşağı ilə Gəncə
şəhərinə gəlib, uşağını bağçaya qoyduqdan sonra özü xadiməçi işlədiyi
yanacaqdoldurma məntəqəsinə gedir.

Gəncə şəhərindən aralı yaşadığı üçün hər gün gəlib-getməyin çətin olduğunu
bildirdi. Təklif etdim ki, hər gün Gəncə şəhərinə gəlib-getdiyim üçün onu da
yolüstü götürə bilərəm. Aybənizdən mobil telefon nömrəsini istədim. O da etiraz
etməyərək mobil nömrəsini mənə verdi.

Aybəniz bildirdi ki, şənbə-bazar bağça işləmədiyi üçün azyaşlı uşağını özü ilə
yanacaqdoldurma məntəqəsinə aparır”.

“Dedim ki, subay bir kişi kimi ondan xoşum gəlir”

Zərərçəkmiş şəxsin sözlərinə görə, Aybənizi və uşağını işlədiyi
yanacaqdoldurma məntəqəsinə aparıb və sonra xidmət etdiyi hərbi hospitala gedib:

“Günorta saatlarında işdə olan vaxt hal-əhvalını soruşmaq üçün Aybənizə zəng
etdim. Daha dəqiq desəm, Aybənizə xoşum gəldiyi üçün onunla səmimi münasibət
qurmaq fikrində oldum. Fikirləşdim ki, boş vaxtlarında görüşüb, onunla
restoranların birində yemək yeyərəm.

Rədd cavabı almamaq üçün əvvəlcə yalandan dedim ki, boşanmışam, subay bir kişi
kimi ondan xoşum gəlir. Aybəniz də bildirdi ki, düşündüyün kimi qeyrətsiz qadın
deyiləm, mənim də boşanmağıma inanmır. Məcbur qalıb evli olduğumu etiraf etdim.

Aybəniz bildirdi ki, əgər fikirlərimiz üst-üstə düşsə, birgə səmimi münasibət
qurarıq. Telefonda danışan zaman dedi ki, gərək onu arvadım kimi saxlayım. Mən
də geniş maddi imkanımın olmadığını, himayəmdəki 3 azyaşlı uşağın qayğısına
qaldığımı bildirdim.

Aybəniz dedi ki, istəsən məni saxlaya bilərsən, çünki hərbçilərin maaşı
yüksəkdir. Söhbətdən belə başa düşdüm ki, o, imkanlı kişi axtarır”.

“Təngə gətirdi…”

Əli qeyd edib ki, bundan sonra Aybənizlə soyuq danışmağa başlayıb və
münasibətlərə son qoymağa çalışıb:

“Çünki aylıq məvacibim ailəmin tələbatını birtəhər ödəyir. Həmin gün Aybənizlə
bir neçə dəfə mobil telefon vasitəsi ilə əlaqə saxladım, hal-əhval tutsam da,
onun bezdirici söhbətlər etməsi, yəni məndən pul istəməsi, onu saxlamağa məcbur
eləməsi məni təngə gətirdiyi üçün onun nömrəsini bloka atdım”.

Zərərçəkmiş qeyd edib ki, sonrakı günlər Aybəniz ona dəfələrlə zəng edib:

“Dekabrın 5-də Aybəniz mənə zəng etdi, istirahət günü olduğu üçün hotelə
getməyi təklif elədi. Buna razı olmadım, evdə işlərim çox olduğunu bəhanə
etdim, onunla hotelə getməkdən boyun qaçırdım”.

Zərərçəkmiş ifadəsində göstərib ki, dekabrın 6-da yuxudan oyananda Aybənizin
ona zəng etdiyini görüb, onunla əlaqə saxlayıb, işə gedəndə yolüstü Aybənizi də
götürüb.

“30-40 manata gücüm çatacağını bildirdim”

Əli deyib ki, yolda Aybəniz ondan mobil telefon nömrəsini bloklanmış zənglər
siyahısına əlavə etməsinin səbəbini soruşub, onunla əsəbi danışmağa başlayıb:

“Mən də dedim ki, onu saxlamağımı tələb etdiyi üçün bu üsula əl atdım. Aybəniz
yolda məndən pul istədi. Üzərimdə 21 manat pul olduğu üçün ona veriləcək əlavə
pulum olmadığını, olan pula evə ərzaq alacağımı söylədim. Dekabrın sonlarında
maaşımı alanda kommunal xərclərinə kömək məqsədi ilə 30-40 manat verməyə gücüm
çatacağını bildirdim.

Bundan sonra Aybəniz avtomobili yanacaqdoldurma məntəqəsinə sürməyimi istədi.
Mən isə uşağını bağçaya aparmayacağını soruşdum. Bildirdi ki, iş yerindən
uşağının paltarını götürüb, sonra bağçaya aparacaq. Onunla razılaşdım,
avtomobilini yanacaqdoldurma məntəqəsi istiqamətində idarə etməyə başladım.

Yanacaqdoldurma məntəqəsinə daxil olub maşını saxladım. Aybənizin sağ bədən
nahiyəmə iki dəfə zərbə vurduğunu hiss etdim. Əvvəlcə onun məni yumruqla
vurduğunu güman etdim. Salonun içərisində olan güzgüdən arxaya baxanda gördüm
ki, Aybənizin əlində bıçaq var. Dərhal avtomobildən yerə düşmək istəyəndə
Aybəniz əlindəki bıçaqla sağ ayağımın bud nahiyəsindən də bir neçə zərbə vurdu”.

Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxsin dediklərinin yalan
olduğunu söyləyib. Deyib ki, onun Aybənizi hotelə aparmaq fikri olmayıb.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Aybənizin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi
tətbiq olunub.

Ona 3 il sınaq müddəti olmaqla 3 il 5 ay 28 gün müddətinə şərti cəza verilib.

Source link