Azərbaycanda qanunsuz dini ədəbiyyat satan 45 nəfər barəsində protokol tərtib edilib.
ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyib.
Sədr müavini Dövlət Komitəsinin ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qeyri-ənənəvi dini cərəyan mənsublarının qanunsuz fəaliyyətlərinə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirləri intensiv şəkildə davam etdirdiyini deyib.
G.İsmayılov idxalla bağlı 2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısının alındığını bildirib.
Sədr müavini əlavə edib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. 171 adda (253010 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib.
Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.