Masallı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada
təqsirləndirilən Mədinə Səmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynal Zeynalovun sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Mədinə Səmədova cinayət
məsuliyyətindən azad olunub.
İttihama görə, hadisə bu il Masallı rayonunun kəndlərinin birində qeydə alınıb.
Belə ki, rayon sakini, 1965-ci il təvəllüdlü Mədinə Səmədova saat 20
radələrində yaşadığı evdə gəlini, zərərçəkmiş Əminə Səmədovaya (şərti) təmizlik
işləri görmədiyi üçün irad tutub. Sonra onların arasında ailə məişət zəminində
mübahisə baş verib. Bu zamanı M.Səmədova Ə.Səmədovanın bədəninin müxtəlif
nahiyələrinə qəsdən əl ilə zərbələr vurub yerə yıxıb döyüb. Nəticədə
zərərçəkmiş şəxsin sol bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumaları əzilib
şişkinləşib və geniş qançır, sol bazu və boynun sol yan hissəsində qançırlar
yaranıb.
Hadisədən sonra Mədinə Səmədova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmənin hazırlıq iclasında Mədinə Səmədova cinayət əməlini törətməkdə özünü
təqsirli bilərək əməlindən peşman olduğunu, Əminə Səmədova ilə barışdığını,
zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, Ə.Səmədovaya
dəymiş ziyanın tam şəkildə ödənildiyini söyləyərək, iş üzrə icraata xitam
verilməsini xahiş edib.
Məhkəmədə Əminə Səmədova da təqsirləndirilən şəxsin dediklərini təsdiq edərək
hazırda onunla barışdığını, qayınanasından şikayət və tələbinin olmadığını, ona
dəymiş ziyanın ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş
edib.