Ekoturizm insanların, vətəndaşların təbiətə səyahəti və bu səyahət zamanı təkcə təbiət komplekslərindən estetik zövq alınmasından əlavə, maariflənmə komponentini ehtiva edən turizmin bir növüdür.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.
O bildirib ki, ekoturizm düşünülmüş və daha yaxşı tənzimlənən bir turizm növüdür:
“Çünki hamımıza məlumdur ki, Azərbaycanın çox gözəl təbiəti, zəngin bioloji müxtəlifliyi var. Belə olduğu halda hər bir təbiət ərazisinə səfər etmək olar. Ekoturizm milli parkların daxilində həyata keçirilir.
Azərbaycanda 892500 hektardan artıq qorunan ərazilər var. Əgər biz qısa tarixə nəzər salsaq, təqribən 15 il əvvəl Azərbaycanın 478 min hektar ərazisində qoruq ərazisi var idi. Milli park anlayışı isə ümumiyyətlə mövcud deyildi. Qoruq ərazisi təbiət obyektlərinin mühafizəsidir. Orada heç bir insan fəaliyyətinə icazə verilmir”.