137ddd75-6dc6-4ddd-bb01-434fc75b13a4..jpg

Azərbaycanda referendum olacaq? – Yeni ildən GÖZLƏNTİLƏR + FOTO

Baxış sayı: 992 dəfə baxılıb.

Azərbaycanda referendum olacaq? – Yeni ildən GÖZLƏNTİLƏR + FOTO

Azərbaycan Konstitusiyasında dəyişiklik edilməsi üçün 2023-cü ildə referendum
keçiriləcəyi barədə iddialar dolaşır. Hələ 2022-ci ilin əvvəlindən gündəmə
daşınan bu məsələnin indiyədək reallaşmaması isə iddiaları bir qədər
gücləndirir. Qeyd etmək lazımdır ki, Azərbaycanda sonuncu ümumxalq səsverməsi
2016-ci il 26 sentyabrda baş tutub.

Digər maraq doğuran məsələ isə referendumla bərabər parlament seçkilərinin və
ya parlament idarəetmə üsuluna keçidin həyata keçiriləcəyi barədə fikirlərin
səsləndirilməsidir.

Mövzu ilə bağlı Cixisyolu.com-a danışan Milli Məclis deputatı Kamran Bayramov
bildirib ki, referendumun keçirilməsi haqqında kimlərinsə dəqiq məlumatlı
olmasına şübhə ilə yanaşır:

“Referendum, adətən, bu və digər sahədə islahatların reallaşdırılması
məqsədini daşıyır. Onun keçirilməsini əvvəlcədən bilmək olmur. Azərbaycan
qanunvericiliyinə əsasən, referendum səsvermədən 60 gün əvvəl elan olunur. O
səbəbdən düşünürəm ki, bu barədə yalnız qərarın elan olunmasından sonra
məlumatlı ola bilərik. Təbii ki, müəyyən sahələrin təkmilləşdirilməsinə böyük
ehtiyac var, amma iddiaların nə dərəcə real olub-olmadığını demək tam mümkün
deyil. Sadəcə olaraq burada ola bilsin qanunverici hakimiyyətin hər hansı bir
təkmilləşdirilməsindən söhbət gedir. Referendumun keçirilməsi ölkə başçısının
siyasi iradəsindən asılıdır və müəyyən sahələrdə hər hansı çatışmazlıqların,
qüsurların aradan qaldırılmasıyla bağlıdır”.

İdarəetmə formasıyla bağlı iddialara gəldikdə isə, millət vəkili diqqətə
çatdırıb ki, parlament idarəetmə üsuluna keçidi o qədər də real saymır:

“Çünki bizdə güclü icra hakimiyyəti qolu mövcuddur və Azərbaycan
Konstitusiyasına görə, Azərbaycan Prezidenti icra hakimiyyətinin daşıyıcısıdır.
Bu üsul çərçivəsində bizim həm daxili, həm də xarici siyasətimizdə böyük
uğurlar əldə olunub. Burada keçidə heç bir səbəb görmürəm. Çünki prezident
idarəetmə üsulu artıq özünü təsdiq edib və güclü idarəetmə forması yaranıb.

Son zamanlar regional idarəetmədə islahatlar həyata keçirilir. Məsələn,
işğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəlik institutunun yaranması,
Naxçıvanda səlahiyyətli nümayəndə institutunun təsis olunması ondan xəbər verir
ki, regional idarəetmədə müəyyən dəyişikliklərin olması qaçılmaz və labüddür.
Bu isə təbiidir. Çünki Azərbaycan rəhbərliyi hər zaman ölkə daxilində regional
siyasətin uğurlu olmasına səylər göstərir, həmçinin regionların inkişafı
istiqamətində böyük tədbirlər həyata keçirilir. Düşünürəm ki, daha çox regional
idarəetmə sahəsində islahatlara ehtiyac var və bu islahatlar da artıq həyata
keçirilməyə başlayıb. Amma keçidlə bağlı məsələ inandırıcı deyil. Ehtiyac
nədir, məqsəd nədir? Əgər bizdə prezident idarə üsulu özünü doğruldubsa, onun
dəyişdirilməsinə ehtiyac qalır?!”

Sayad Həsənli

Source link