323ed824-5ef7-4a96-8c97-da15e7e0b3d1..jpg

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Baxış sayı: 827 dəfə baxılıb.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və
Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi
vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi
keçirilib.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər
Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə
Rafael Əliyev ifadə verib.

Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də
bilinirdi: “Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin
qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə
çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP
(yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə
girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları
eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə
verirdik”.

Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar
olaraq verilməsini istəyib: “Pullar gömrükçülərdən manat və dollar kimi
alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara
zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik”.

Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı)
isə Rafael Əliyev belə aydınlıq gətirib: “Kompüterlərin hard-diskləri məhv
edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra
olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı
olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib,
sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub”.

Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə
qəbul edilən səkkiz nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib
ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin
işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15
min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb:
“Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm,
məsuliyyət mənim üzərimdədir”.

Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın
bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: “Biz zərərçəkən
tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun
təmin edilməsini xahiş edirik”.

Proses daha sonra şahidlərin ifadələri ilə davam edib. Şahidlər bildiriblər
ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o
zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin
rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində
yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min – 1 milyon manat yığılırdı.
Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR
proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib
ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir
gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış.
Culfa gömrük məntəqəsində üç il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı
gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər
vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi
tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar
maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər
tərəfindən dörd yerə bölünərək məhv edilib.

Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata
keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

Source link