Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov və Qalib Kərimov barələrində çıxarılan məhkəmə qərarından kassasiya şikayəti veriblər.
ÇıxışYolu.Com xəbər verir ki, Ali Məhkəməyə müraciət edən həmin şəxslər cəzalarının yüngülləşdirilməsini istəyir.
İş artıq icraata götürülüb. Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rüstəmovla F.Axverdiyev 20 il, Q.Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat pul götürüblər.
Daha sonra həmin mənzili yandırıblar. Qadının meyiti də yanıb. Dəstə üzvlərinin digər cinayət əməli barədə ittihamda yazılır ki, onlar əvvəlcədən hazırladıqları plan üzrə topdansatış mərkəzi olan İlqar Məmmədovun evinə daxil olublar. İ.Məmmədovu bıçaqla qətlə yetirərək, evindən 289 min manat pul və qızılları götürüblər.
Təqsirləndirilən şəxslərdən Q.Kərimov özünü qismən təqsirli bilib, F.Axverdiyev və V.Rüstəmov isə özünü təqsirli bilməyiblər.