Azərbaycanda suçiçəyi əleyhinə peyvənd istifadə edilmədiyi üçün ölkə ərazisində bu xəstəliyə yoluxma halları qeydə alınır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Avropada İmmunlaşdırma Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, suçiçəyinə noyabr-dekabr aylarında çox rast gəlinsə də, ötən illərlə müqayisədə son bir neçə ildə yoluxma hallarında azalma müşahidə olunur:
“Əvvəllər suçiçəyi xəstəliyinə yoluxma halları daha çox qeydə alınırdı. Bunun əsas səbəbi isə vaxtında edilməyən peyvəndlərlə bağlıdır”.
Nazirlik nümayəndəsi qeyd edib ki, vaksin preparatları 2014-cü ildən Azərbaycana UNİCEF xətti ilə daxil olur:
“Ölkəyə daxil olan vaksinlər ÜST-ün təhlükəsizlik və effektivlik standartlarına cavab verir. Ölkə ərazisinə daxil olan və özəl tibb müəssisələrində istifadə olunan digər vaksinlər Analitik Ekspertiza Mərkəzində qeydiyyatdan keçirilir”.
A.Əliyeva əlavə olaraq qeyd edib ki, ötən ilə nisbətən Mərkəzə daxil olan şikayətlərin sayında azalma müşahidə olunur:
“Mərkəzə daxil olan şikayətlərin əksəriyyəti mədə-bağırsaq pozulmaları, zəhərlənmələrlə bağlıdır. Çalışdığımız qədərilə həmin problemlərin kökündən həll oluması üçün müəyyən tədbirlər həyata keçiririk”.