Azərbaycanda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə
vətəndaşlara qarşı dələduzluq edən, əvvəllər də dəfələrlə məhkum olunmuş
Mingəçevir şəhər sakini Elşən Ağayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, o, təqaüd alan şəxslərə Bakı şəhərindən 50 manat maddi yardım
gətirdiyini deyərək zərərçəkmişlərə üzərində “etibarsızdır” yazılmış 100
manatlıq kağızlar təqdim edib. Pulun qalan hissəsini isə vətəndaşlardan alaraq
onların maddi vəsaitini ələ keçirib.
Araşdırmalarla E.Ağayevin respublikanın digər şəhər və rayonlarında da
vətəndaşları analoji üsullarla aldatdığı müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. E.Ağayevin əməllərindən zərər görən
başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.