b86fb02e-7bfc-49f3-b8c7-7b48a1eff5d9..jpg

Azərbaycanda taksi qiymətləri çox ucuzdur? – Ekspert RƏYİ

Baxış sayı: 921 dəfə baxılıb.

Azərbaycanda taksi qiymətləri çox ucuzdur? – Ekspert RƏYİ

Hazırda bir çoxlarımız müxtəlif taksi xidmətlərindən istifadə edirik. Bizi ən
çox maraqlandıran məqam isə qiymətdir. Ancaq diqqət yetirməli olduğumuz başqa
nüanslar da var…

Son vaxtlar paytaxt sakinlərinin taksi xidmətləri ilə bağlı şikayətləri artıb.
Xüsusilə sürücülərin sərnişinlərə davranışı, müəyyənləşdirilən qiymətdən artıq
ödəniş tələb etməsi kimi məqamlar narahatlıq doğurur.

Mövcud mənzərəni şikayətlərdən də görmək mümkündür: “Hava limanından taksi
sifariş etmişəm. Proqramda 8 manat məbləğ yazılsa da, taksi gəlməmişdən zəng
vurub deyir “18 manat verəcəksinizsə, yaxınlaşım”.

Başqa bir şikayətçinin üzləşdiyi problem də diqqəti cəlb edir: “Sürücü mənə
zəng edib bildirdi ki, müəyyənləşdirilmiş qiymət az olduğu üçün gələ
bilməyəcək”.

Vəziyyəti bir az da qəlizləşdirən digər bir məqam son vaxtlarda taksi
şirkətlərinin proqramlarında tətbiq olunan yenilikdir. Belə ki, sürücü nə qədər
uzun müddət yolda qalsa, vətəndaş bir o qədər artıq məbləğ ödəməlidir.

Göründüyü kimi, bir tərəfdə hüquqları pozulan sərnişinlər, qiymətlərdən narazı
qalan sürücülər, digər tərəfdə isə bu problemlərin yaşanmasına şərait yaradan
taksi xidməti şirkətləri.

“Kaspi”

qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Məqalədə deyilir:

Taksilərə vahid nəzarət mərkəzi yaradılsın

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı təklif edir ki, ödənişlərlə
bağlı taksometr sisteminə keçmək lazımdır: “Lakin bu sahədə hansısa yenilik
yoxdur. Düzdür, qanunda var, olmalıdır. Amma bunu reallaşdırmaq çox uzun
prosesdir”. Ekspertin sözlərinə görə, taksi fəaliyyətindəki xaosun qarşısını
almaq üçün təkmilləşdirmə işləri aparılmalıdır: “Taksi şirkətlərinə, taksilərə
vahid bir mərkəzdən nəzarət olunmalıdır. Bəziləri bu məsələni səhv anlayır.
Vahid mərkəzdən nəzarət tamam başqa anlayışdır. Bu sistem taksi şirkətlərinin
ləğvi anlamına gəlmir”.

E.Muradlının qabartdığı digər məqam sürücülərin sağlamlıq məsələsi ilə
bağlıdır. Bildirir ki, işə götürülən zaman sürücülərin sağlamlığı ilə bağlı
qaydalara ciddi nəzarət olunmalıdır. “Köhnə qaydalar bitməli, mütərəqqi bir
sistem tətbiq olunmalı və buna uyğun da işlər qurulmalıdır”, – ekspert deyir.

Ucuz qiymətlər problem yaradır

E.Muradlı bütün bu problemlərin kökündə taksi qiymətlərinin çox ucuz olmasının
dayandığı qənaətindədir. “Qiymət məsələsinə də baxılmalıdır. Qiymətlərin bu
qədər ucuz olması arzuolunan deyil. İnsanlar üçün əlçatan olsa da, sonradan
taksinin vaxtında gəlməməsi, qiymətlə bağlı narazılıq, sürücünün müştəriyə
qeyri-etik davranışları kimi hallar ortaya çıxır. Müştərilər belə hallarda
məhkəməyə, həmçinin İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə, öz haqlarını tələb edə
bilərlər”.

E.Muradlının sözlərinə görə, taksi şirkətləri haqsız rəqabət aparırlar, yalnız
özlərinə sərf edən qərarlar qəbul edirlər: “Qiymətləri hədsiz aşağı salıb,
sürücüləri də kor-koranə şəkildə işə götürürlər. Beləliklə, bu cür hallar
ortaya çıxır. Hansısa faktları sübut etmək, problemlərin operativ həllinə nail
olmaq üçün bir sistem, mexanizm olmalıdır, o da hazırda yoxdur”.

Taksi sürücülərinin məsuliyyəti

Hüquqşünas Ceyhun Cəfərli isə taksi sürücülərinin davranışları səbəbindən
pozulan müştəri hüquqlarına diqqət çəkir. Bildirir ki, taksi sürücüləri
davranışlarına görə məsuliyyət daşıyırlar: “Özəl taksi xidmətlərində qiymətlər
tələb-təklif, bazar qaydaları əsasında müəyyənləşir. Taksi xidməti göstərən
sürücülər ilk növbədə fərqlənmə nişanı, müvafiq lisenziya almalı, onun əsasında
fəaliyyət göstərməlidir. Əgər sərnişinlərə keyfiyyətsiz, aşağı səviyyəli taksi
xidməti göstərirlərsə, məsuliyyət daşıyırlar. Həmçinin təhlükəsizliyə riayət
etmirlərsə də, məsuliyyətə cəlb olunurlar. Avtomobil standartlara cavab
verməli, istismara yararlı olmalıdır. Bəzən etik davranış qaydaları da pozulur,
buna görə də məsuliyyət yaranır”.

Sürücü ilə taksi xidməti göstərən şirkət arasında olan məsələ

C.Cəfərlinin sözlərinə görə, gediş məsafəsinə görə müəyyənləşdirilən qiymət
məsələsində müştərilərin heç bir günahı yoxdur: “Qiymət sürücü ilə taksi
xidməti göstərən şirkət arasında olan bir məsələdir və onların arasında olan
əməkdaşlıq müqaviləsi ilə tənzimlənir. Hansı qaydada razılaşırlarsa, ona əməl
olunmalıdır. Sürücünün müəyyən olunmuş qiymətə etiraz etmək haqqı var. Həmin
şirkətdə işləmək sürücünün öz seçimidir, heç kim onu məcbur etmir. Yaranan
problemlərə görə müştəri narazı qalanda artıq həmin şirkətdən istifadə
etməyəcək. Yəni bu hallar şirkətin nüfuzuna da təsir edir. Nəticədə
müştərilərin sayı aşağı düşəcək, gəlirlərin səviyyəsi enəcək”.

Taksi sürücüləri ilə müqavilə bağlanılmır?

Hüquqşünas qeyd edir ki, sürücü ilə şirkət arasında müqavilə olanda,
məsuliyyət də yaranır: “Amma şirkətlərin sürücü ilə konkret müqavilə
bağladığına inanmıram. Sadəcə, sürücünün adını sistemə salır, avtomobili,
nömrəsini verir və şəxslər də işə başlayır. Müqavilə mütləq şəkildə olmalıdır.
Aralarında müqavilə varsa, bu zaman mülki məsuliyyət mövcuddur. Müqavilə
yoxdursa, çətin məsələdir”.

Source link