Azərbaycanda toyuq əti bahalaşacaq?- “Kaspi”nin ARAŞDIRMASI + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyədə quş ətinin qiymətinin artması ixraca qadağa ilə müşahidə edilir.
Ekspertlər bildirirlər ki, məlum proseslərin Azərbaycanda yaşanması ehtimalı
azdır. Amma baş verənlər dolayısı ilə qiymətlərə təsir edə bilər.
Türkiyədə toyuq ətinin qiyməti 200 faiz həcmində bahalaşıb. Bunun qarşısını
almaq üçün hökumət müəyyən addımlar atmağa başlayıb. Belə ki, Ticarət Nazirliyi
quş ətinin ixracına müvəqqəti qadağanı nəzərdə tutan yeni qanun hazırlayıb.
İxraca qadağa qoyulursa, yəqin ki, idxalı stimullaşdırmağa da ehtiyac var. Bəs
bu zaman Azərbaycan quş əti məhsullarını Türkiyəyə ixrac edə biləcəkmi? Heyvan
ətinin bahalaşması fonunda qonşularımızın başına gələn proses bizim üçün nə
dərəcədə realdır?
“Kaspi”
qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Quş əti istehsalı kifayət qədərdir”
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası
İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, qardaş ölkədə ixracı
dayandırdıqları üçün yaxın zamanlarda qiymətlərdə stabilləşmə baş verə bilər:
“Türkiyədə quş ətinin xaricə satışına qadağa qoyulmasının əsas səbəbi digər
dövlətlərə xeyli miqdarda toyuq əti ixracıdır. Türkiyə toyuqlarını xüsusən də
İran əldə edir. İxracın bu dərəcədə artması Türkiyədə toyuq əti qiymətlərinə
çox ciddi təsir göstərib. Burada yeganə çıxış yolu digər ölkələrə olan ixracı
dayandırmaqdır. Amma onlar üçün qorxulu heç nə yoxdur. Çünki quş əti istehsalı
kifayət qədərdir. İxraca qadağa qüvvəyə mindikdə toyuq əti qiymətlərində
tədricən normallaşma müşahidə ediləcək”.
Həm istehsal edirik, həm də idxal
M.Həsənlinin fikrincə, ölkəmiz üçün də quş əti istehsalında heç bir qıtlıq və
digər çətinlik gözlənilmir: “Hazırda ölkəmizdə kifayət qədər toyuq əti
istehsalı mövcuddur. Bu, vətəndaşların istehlak tələblərini böyük ölçüdə
qarşılaya bilir. Hazırda öz ölkəmizin toyuq əti tələbatının 85-90 faizini
ödəmək potensialına sahibik. Qalan 10 faizlik tələbatımızı isə digər xarici
ölkələrdən idxal etməklə qarşılayırıq. Quş əti idxal etdiyimiz ölkələrə Rusiya,
Ukrayna, Belarus və digər MDB dövlətləri daxildir”.
Sədr bildirdi ki, quş əti ixracımızla bağlı məsələ tamamilə başqadır:
“Ümumiyyətlə, ölkəmizdən xaricə toyuq əti ixracı mövcud deyil. O cümlədən,
Türkiyəyə də quş əti ixrac etməyimiz real görünmür”.
Azərbaycanın toyuq ətinə ehtiyacı olmayacaq
İqtisadçı Elçin Rəşidovun sözlərinə görə, Türkiyə ən böyük quş əti
istehsalçısı və ixracatçılarından olduğu üçün Azərbaycan toyuğuna ehtiyacı
olmayacaq: “Türkiyə hökuməti öz ölkəsindən toyuğun ixrac edilməsinə qadağalar
tətbiq edib. Bu tədbirlər müvəqqəti xarakter daşıyacaq. Məqsəd Türkiyənin öz
bazarını daxili istehsal hesabına təmin etməkdir. Onlar özlərini təmin etmək
potensialına sahibdirlər. Bu da o deməkdir ki, onların Azərbaycanın toyuq ətinə
ehtiyacları olmayacaq. Çünki Türkiyə özü dünyanın ən böyük quş əti
ixracatçılarından hesab olunur. Türkiyədə baş verən prosesləri tam qıtlıq kimi
də dəyərləndirə bilmərik. Amma qiymət baxımından artımlar mövcuddur”.
Qiymətlər o qədər qalxmalıdır ki…
E.Rəşidov qeyd etdi ki, Türkiyədəki proseslər Azərbaycana təsir etməsə də,
Rusiya bazarında qiymətləri artıracaq: “İxrac ölkəsi olduqları üçün türklər
daxili bazarlarında həmişə qiyməti daha aşağı saxlamağa çalışırlar.
Azərbaycandan Türkiyəyə quş əti ixrac etmək üçün hələ şərait yoxdur. Türkiyənin
Azərbaycanın toyuğuna ehtiyacı olması üçün qiymətlər o qədər qalxmalıdır ki,
ölkəmizdən oraya toyuq əti ixracı onlar üçün sərfəli olsun. Amma Türkiyənin öz
ölkəsindən toyuq əti ixracına qadağalar tətbiq etməsinin müəyyən bir təsiri
olacaq. Bu qadağalardan Rusiya bazarı təsirlənə bilər. Rusiya bazarında toyuq
əti qiymətlərində xeyli yüksəlmə müşahidə edilməsi mümkündür”.
Qiymət yüksəlişi görə bilərik
İqtisadçının fikrincə, Rusiyaya ixrac qabiliyyətimiz sayəsində daxili
bazarımızda müəyyən proseslər baş verə bilər: “Bu, ölkəmizə də dolayı yolla
təsir edəcək. Azərbaycan Türkiyəyə toyuq əti ixracı etməsə də, Rusiyaya ixracı
gözlənilir. Daxili bazarımızda toyuq əti qiymətlərində artım olması mümkündür.
Qıtlıq və azalma yaşanmasa da, qiymət yüksəlişi görə bilərik”.
Toyuq əti istehsalçıları qazanclı çıxacaq
Müsahibimiz bildirib ki, iqtisadiyyatımıza faydalı olsa da, vətəndaşlarımız
üçün heç də müsbət tendensiya deyil: “Qiymət artımı baş verdiyi zaman toyuq əti
istehsalçıları qazanclı çıxmış olurlar. Onlar artıq məhsullarını daha baha
qiymətə sata biləcəklər. İxrac etdiyimiz məhsulun qiymətinin artması həmişə
ölkənin ümumi daxili məhsul göstəricisinə müsbət təsir göstərir. Amma məsələnin
mənfi tərəfləri də var. Burada uduzan tərəf istehlakçılardır. Lakin son
nəticədə ümumi iqtisadiyyatımız üçün müsbət addımdır”.