0c8499d0-800e-4b3a-9123-1260fe5b7f67..jpg

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər? – FOTO

Baxış sayı: 805 dəfə baxılıb.

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda
baş verə bilər? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu,
valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz,
valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq
uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığına
ziddirsə, onda nə etməli?

Dünya ölkələrinin uzun illərdir ki, bu istiqamətdə əhəmiyyətli təcrübəsi var:
valideynlər tərəfindən uşağın həyatına və sağlamlığına bilavasitə təhlükə
yarandığı hallarda uşaq onlardan yalnız məhkəmənin qərarı ilə deyil, sosial
işçilər tərəfindən də götürülə bilər.

Artıq bizim ölkəmizdə də bu təcrübə tətbiq ediləcək. Milli Məclisin Ailə,
qadın və uşaq məsələləri komitəsinin bu günlərdə keçirilən iclasında “Məişət
zorakılığının qarşısının alınması haqqında” qanuna edilən dəyişiklik buna əsas
verir: uşağın həyatı və ya sağlamlığı üçün birbaşa təhlükə yaranarsa,
valideynlərindən alına bilər.

“Kaspi”

qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Belə bir dəyişikliyin gündəmə gəlməsinin səbəbi nədir?

Vəziyyət bəzi ailələrdə uşaq zorakılığı ilə bağlı mənzərənin o qədər də yaxşı
olmadığını göstərir. Təkcə Uşaq Qaynar Xəttinə olunan müraciətlər bunu deməyə
əsas verir. Məsələn, əgər əvvəllər xəttə daha çox böyüklər müraciət edirdisə,
indi uşaqlar telefon açırlar. Mərkəzin operatoru: “Hər gün Qaynar Xəttə zənglər
olur. Bəzən gün ərzində bir neçə zəng daxil olur”, – deyə sorğuya cavab olaraq
bildirdi: “Həm paytaxtdan, həm də rayonlardan zənglər edilir. Telefon açanların
çoxu qızlardır. Ailədə valideynləri tərəfindən müxtəlif zorakılıqlara məruz
qaldıqlarını deyirlər”.

Əslində, uşaqların hüquq və maraqlarının əks olunduğu müddəa bizim
qanunvericilikdə var idi. 1998-ci ildə qəbul edilən “Uşaq hüquqları haqqında”
qanun, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyalar haqqında” əsasnamə, icra hakimiyyətlərinin nəzdində himayəçilik və
qəyyumluq şöbələri, uşaq hüquqları üzrə QHT-lər uşaq hüquqlarına zidd
hərəkətlərlə bağlı müvafiq siqnallar verirdilər. Ancaq bütün dünya ölkələrinin
qanunvericiliyində illərdir yer alan qaydalar bizdə bir qədər “humanist”liyə
köklənmişdi.

Uşaqlar dövlətin himayəsinə veriləcək

“Azərbaycan BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasını imzalayıb və ondan
sonra “Uşaq Hüquqları haqqında” qanun qəbul edilib. Həm konvensiyada, həm də
qanunda əsas prinsip ondan ibarətdir ki, uşaq hüquqları ilə valideyn hüquqları
arasında ziddiyyət təşviq edilərsə, uşaq hüquqları üstün tutulur”, – deyə
Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev bildirir: “Bu o deməkdir ki, hər
bir dövlət orqanı, o cümlədən məhkəmələr uşaq hüquqlarını üstün tutmalıdırlar.
Əgər uşağın hüquqları onların valideynləri tərəfindən pozulursa, təbii ki,
dövlət orqanları bununla bağlı hərəkətə keçməlidirlər. Hətta deyərdim ki, bu
qaydaların həyata keçirilməsi bir az gecikib. Əminəm ki, uşaq hüquqları bundan
sonra daha da üstün formada qorunacaq”. Hüquqşünas qanuna edilən dəyişikliyi
son illər ailələrdə məişət zorakılığının daha çox baş verməsi ilə
əlaqələndirir: “Zorakılıq siqnalları uşaqların hüquqlarının qorunmalı olduğunu
daha ciddi gündəmə gətirir. Hər bir vətəndaşın da borcudur ki, törədilən və
törədilə biləcək hüquq pozuntusu ilə bağlı lazımı instansiyalara məlumat
versin. Əgər uşaq hüquqlarının qorunması ilə bağlı siqnal daxil olarsa, uşaq
mənafelərinin üstün səviyyədə qorunması məqsədilə uşaq həmin ailədən alınacaq
və dövlətin himayəsində olan orqanlara təhvil veriləcək”.

R.Vəliyev Ailə Məcəlləsində də oxşar müddəaların yer aldığını bildirir:
“Valideynlərin hüquqlarının məhdudlaşdırılması və ya hüquqdan məhrum edilməsi,
hətta uşaqların alınması ilə bağlı maddələr var. Bu halda da qanun icazə verir
ki, həmin uşaqların dövlətin himayəsinə verilməsi ilə bağlı addım atılsın. Yəni
daha da böyük proseduralar keçmədən, məhkəməyə gedib çıxmadan müvafiq orqanlara
elə səlahiyyətlər verir ki, ilkin araşdırmalar aparsınlar və məsələ ilə bağlı
öz rəylərini versinlər.

Hüquqşünas hesab edir ki, bu dəyişiklik hazırkı mərhələdə problemin inzibati
qaydada həllini nəzərdə tutur: “Biz indiyə qədər başqa ölkələrin təcrübəsində
görürdük ki, sosial idarələr gəlib uşağı götürürdülər. Bu, bizim üçün təəccüblü
olsa da, bütün dünyada tətbiq olunan qaydadır. Bu, ona yönəlib ki,
valideynlərin hüquqları uşaq hüququndan üstün tutula bilməz. Bu məsələlərdə
dövlət orqanları hər kəsin – valideynlərin, qohumların, qəyyumların və
başqalarının hüquqlarını pozacaq. Uşaqların hüquq və maraqlarının qorunması
məqsədilə bu addımlar atılacaq. Fikrimcə, bu, ailələr üçün siqnal olmalıdır”.

“Valideynlər bundan sui-istifadə edirlər”

“Ümidli gələcək” təşkilatının rəhbəri Kəmalə Aşumovanın sözlərinə görə,
tüfeyli həyat sürən, zərərli vərdişlərə malik valideynlər olan ailələrdə
uşaqların mənfi hallarla üzləşmələri, zorakılığa məruz qalmaları, təhsildən
yayınmaları və s. ilə bağlı statistika ürəkaçan deyil: “Bu faktlar onu göstərir
ki, qanuna dəyişiklik zəruridir. Bəzən təcrübədə erkən nikaha sövq edilmə, ailə
üzvü tərəfindən cinsi zorakılığa məruz qalma, narkotik istifadəçisi olan
valideynlərin uşaqlarına qayğı göstərməməsi kimi hallarla qarşılaşırıq. Qanunda
dəqiq maddə olmadığından polis və ya sosial işçilər və QHT əməkdaşları müdaxilə
edəndə yalnız valideynlə söhbət edir, reabilitasiyaya cəhd edir. Amma bu hallar
nəticə verməyəndə biz ailədən uşağı götürə bilmirdik. Çünki qanunda bununla
bağlı xüsusi maddə yox idi. Valideynlər də bundan sui-istifadə edirlər”.
K.Aşumovanın fikrincə, qanunda belə bir dəyişikliyin olması müsbətdir. Eyni
zamanda, bunu tətbiq edən dövlət qurumları da vəziyyətdən sui-istifadə
etməməlidirlər: “Biz ilk növbədə uşağın rifahı naminə valideynə reabilitasiya
üçün şans verməliyik. Əgər o hallarda da valideyndə heç bir müsbət dəyişiklik
baş verməzsə və uşağın həyatına təhlükə varsa, onun digər qohumu və ya qəyyumu
ola biləcək şəxslərə verilməsi və ya dövlətin himayəsinə verilməsi həyata
keçirilməlidir”.

Source link