İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov barəsində cinayət işi başlanılıb.
“Report”un xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə) və 178-ci (dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.
T.Hümbətovun cinayət işinin ibtidai istintaqı başa çatıb, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, Tofiq Hümbətov ötən həftə vəzifəsindən azad olunması üçün müraciət edib: “Onun ərizəsinə baxılıb”.
Qeyd edək ki, T.Hümbətov 2017-ci ildən İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır.