Azərbaycanda yeni komissiya yaradıldı

Azərbaycanda yeni komissiya yaradıldı

Baxış sayı: 2. 510 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” sərəncam imzalayıb.

ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılması və həyata keçirilməsini təmin edəcək.

Bundan başqa, komissiya ictimai əhəmiyyətli infrastruktur obyektlərinin informasiya sistemlərinə və ehtiyatlarına kiberhücumlar və fövqəladə kibertəhlükə hallarında əlaqələndirilmiş işin təşkili və birgə əks tədbirlərin həyata keçirilməsini, internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasının milli maraqları əleyhinə məqsədyönlü şəkildə yayılan saxta məlumatların mənbəyinin təxirə salınmadan müəyyən edilməsi və bu barədə müvafiq orqanların dərhal məlumatlandırılmasını, aidiyyəti dövlət orqanlarının kibertəhlükəsizliyin təmin edilməsi, o cümlədən kibercinayətlərlə mübarizə sahəsində kadr və texniki potensialının gücləndirilməsi məqsədilə təkliflərin hazırlanmasını və zəruri tədbirlərin görülməsini təşkil edəcək.

Qurum dövlət qurumlarının istifadə etdiyi proqram təminatının (o cümlədən antivirus proqramlarının) təhlükəsizlik tələblərinə uyğunluğunu təhlil edəcək və müvafiq təkliflər hazırlayaraq mütəmadi olaraq Azərbaycan prezidentinə təqdim edəcək.

Komissiyanın sədri Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini – Xüsusi Rabitə və informasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəisi, general-leytenant Mürsəl Vəliyevdir.

Komissiyanın üzvləri isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini, daxili işlər nazirinin müavini, müdafiə nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini, Xarici Kəşfiyyat Xidməti rəisinin müavini, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavinidir.

Qurumun cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb və katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə həvalə edilib.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək, Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

www.ÇıxışYolu.Com