1c5ffd25-8b85-4ba0-ad2b-6e341263e888..jpg

Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb

Baxış sayı: 893 dəfə baxılıb.

Azərbaycanda yeni Rəqabət Məcəlləsi hazırlanıb

“Rəqabət Məcəlləsi layihəsi Azərbaycanda antiinhisar qanunvericiliyinin
təkmilləşdirilməsi məqsədilə bu sahədə mövcud qanunvericilik aktları əsasında,
beynəlxalq təcrübə, o cümlədən Avropa, MDB dövlətlərinin təcrübələri
öyrənilməklə yeni hazırlanıb”.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və
İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “Heydər
Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu” mövzusunda
elmi konfransda deyib.

O qeyd edib ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycanda rəqabət
mühitində və antiinhisar siyasətində rəqabəti və azad sahibkarlığı təşviq
etməklə həm iqtisadiyyatın inkişafını, həm də istehlakçıların rifahını, məhsul
və xidmətlərin keyfiyyətini təmin edəcək.

M.Abbasbəyli bildirib ki, azad rəqabət mühitinin təmin olunması dövlətin
iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün bu sahədə
fəaliyyətin sürətləndirilməsi məqsədilə hazırlanmış “Rəqabətin inkişafı və
inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023-26-cı illərdə Milli
Fəaliyyət Proqramı”nın layihəsi bu istiqamətdə atılan növbəti addımdır:

“Milli Fəaliyyət Proqramı kiçik və orta biznes subyektlərinin bazara girişinin
və bazarda inkişafının qarşısını alan maneələrin ortadan qaldırılmasına, bəzi
təbii inhisar sahələrinin mərhələli şəkildə rəqabətli bazara keçidinin
formalaşmasına, rəqabət orqanının təsir dairəsinin genişləndirilməsinə və digər
vacib hədəf göstəricilərinə, o cümlədən ölkənin rəqabət indeksinin müəyyən
edilməsi metodologiyasına dair tələbləri özündə əks etdirir.

Dövlət satınalmaları sahəsində saxtakarlıqların qarşısının alınması və tam
şəffaf mexanizmlərin yaradılması üçün həyata keçirilən dövlət satınalmalarına
nəzarət funksiyası isə ölkədə sağlam və davamlı rəqabətin, habelə sahibkarlığın
inkişafının təmin olunmasına şərait yaradır. Bu məqsədlə Dövlət Xidməti
tərəfindən “Dövlət satınalmaları haqqında” yeni Qanun layihəsi hazırlanaraq
hökumətə təqdim olunub”, – Dövlət Xidmətinin rəhbəri bildirib.

M.Abbasbəyli deyib ki, “Ticarət fəaliyyəti haqqında” Qanun layihəsi üzərində
fəaliyyət davam etdirilir:

“Bu qanun Azərbaycan ərazisində ticarət fəaliyyətinin təşkili və həyata
keçirilməsinin hüquqi əsaslarını və bu sahədə sahibkarlıq subyektlərinin öz
aralarında yaranan münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta
sahibkarlıq subyektlərinin bazara girişini asanlaşdıracaq və onların iri
sahibkarlıq subyektləri qarşısında mənafelərini təmin edəcək”.

O xatırladıb ki, ölkə başçısının 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə
“Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına
dair 2023-25-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib:

“Bu dövlət proqramının qəbulu və növbəti üç il ərzində icrasının əsas strateji
hədəfləri ölkənin standartlaşdırma sisteminin dünya standartlaşdırma sisteminə
harmonizə olunması, standartlaşdırma məhsullarının rəqabətqabiliyyətliliyinin
artırılmasına töhfə verən fəaliyyətə çevrilməsi, qeyri-qida istehlak mallarının
təhlükəsizliyinə risk əsaslı dövlət nəzarəti sisteminin formalaşdırılması,
müasir laboratoriyalar şəbəkəsinin qurulması, texniki tənzimləmə və
standartlaşdırma sahəsində elektronlaşdırmanın təmin edilməsinə və digər
məsələlərə xidmət edir”.

M.Abbasbəyli qeyd edib ki, rəqabət qanunvericiliyinin təkmilləşdirilməsi ilə
yanaşı, keyfiyyət əsaslı və rəqabətcil sahibkarlığın inkişafına dəstək
məqsədilə Dövlət Xidməti tərəfindən təqdim edilən xidmətlərin
rəqəmsallaşdırılması üzrə də bir sıra işlər icra edilib:

“Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq
edilən informasiya sistemləri ilə inteqrasiya edilməsi məqsədilə “Antiinhisar,
haqsız rəqabət və istehlakçıların hüquqlarının qorunması sahələrində innovativ
idarəetmənin təmin edilməsi haqqında” müvafiq normativ-hüquqi aktların layihəsi
hazırlanaraq hökumətə təqdim edilib.

Həmçinin standartlaşdırma, metrologiya və akkreditasiya sahələrində nəzarətin
təşkili üçün rəqəmsal platformanın – “Keyfiyyət Portalı”nın yaradılması ilə
bağlı hazırlanmış müvafiq qanunlara dəyişiklik layihəsi aidiyyəti üzrə təqdim
olunub”.

M.Abbasbəyli etender.gov.az portalının funksionallığının artırılması üzrə
təkmilləşdirmə işlərinin aparıldığını bildirərək qeyd edib ki, istifadəçi
interfeysi artıq yenilənib:

“Elektron portala yeni inteqrasiyalar həyata keçirilib. Mərkəzi Bankın
elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə
Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, daha sonra isə
əlavə olaraq Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə
inteqrasiya nəzərdə tutulub”.

Source link