Azərbaycanda yeni sığorta növləri niyə yaradılmır?
Azərbaycanda uzun illərdir ki, yeni sığorta növləri yaradılmır.
Halbuki, Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı
Tədbirlər Planı”nda ölkədə yeni sığorta növlərinin yaradılması nəzərdə tutulub.
İnkişaf etmiş ölkələrin təcrübəsi isə göstərir ki, az qala hər il yeni sığorta
növü formalaşdırmaq və uğurla tətbiq etmək mümkündür. Bəs Azərbaycan beynəlxalq
təcrübədən niyə faydalanmır? Ölkədə yeni sığorta növlərinin yaradılmasına nə
mane olur? “Report” bu məsələyə aydınlıq gətirməyə çalışıb.
Sığorta bazarı üzrə ekspert Kamran Babayev hesab edir ki, Azərbaycanın sığorta
bazarı, maliyyə xidməti istehlakçıları yeni sığorta növlərini qəbul etməyə
hazır deyil:
“Beynəlxalq təcrübədə bir çox sığorta növləri var ki, bu gün Azərbaycanda
yoxdur. Onların ölkədə tətbiqi üçün yerli sığorta şirkətlərinin təşəbbüsü
olmalıdır. Amma cəmiyyətin sığorta bazarına inamı azdır və yəni sığorta
növlərinə ehtiyac duymur. Halbuki, bir neçə sığorta növü var ki, onları
Azərbaycanda tətbiq etmək olar. Məsələn, Avropa ölkələrində kiberhücumlardan
sığorta sürətlə yayılmaqdadır. Həmçinin direktorun məsuliyyət sığortası çox
satılan sığorta növüdür. Şirkət direktorları özlərini səhv etməkdən
sığortalayır. Şirkətin sahibləri da bunu bilir və özlərini sığortalı hiss
edirlər. Bu sığorta növü bizdə yaradılsa, yaxşı olardı”.
“Hər bir sığorta məhsulunu bazara təklif etməzdən əvvəl araşdırma aparmaq
lazımdır. Vətəndaşlar bu məhsulu niyə almalıdırlar? Məhsul necə satılmalıdır?
Bu məqsədlə satış kanalları olmalıdır. Azərbaycanda klassik sığorta növləri
az-çox inkişaf etsə də, qeyri klassik sığorta növlərinə hələ tələbat yoxdur”, –
deyə K.Babayev əlavə edib.
“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyindən isə
“Report”un sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB)
və ASA-nın təşəbbüsləri ilə inkişaf etmiş ölkələrin sığorta təcrübəsi, eləcə də
onların sığorta məhsulu siyasətləri yaxından izlənilir və öyrənilir:
“Hazırkı məqamda yerli sığorta bazarının təklif etdiyi sığorta məhsullarının
say və çeşidlilik səviyyəsi əhatəli və kifayət qədərdir. İstər AMB, istərsə də
ASA sığorta məhsulu siyasətinə daim önəm verir, diqqətdə saxlayır, bununla
bağlı mütəmadi araşdırmalar aparır. Əldə olunan nəticələr tələb-təklif
faktoruna, habelə yerli bazar şərtlərinə uyğunlaşdırılmaqla tövsiyə olunur.
Ehtiyac yarandığı təqdirdə həmin məhsullar dizayn olunaraq bazara çıxarılır.
Yəni bu gün yerli sığorta bazarı iştirakçıları yeni sığorta məhsulu
hazırlamaqdan həm çəkinmir, həm də maraqlıdır”.
“ASA-nın müşahidələrinə əsasən, yerli sığorta bazarı iştirakçılarının intensiv
olaraq apardıqları statistik bazar araşdırmaları və daim peşəkarlıqla
izlədikləri tələb-təklif siyasəti nəticəsində bu gün sığorta sektorumuzda
könüllü sığorta növləri üzrə məhsul çeşidliliyi kifayət qədər geniş və
əhatəlidir. Dünya sığorta bazarlarında olduğu kimi, yerli sığorta bazarında da
yeni sığorta məhsullarının tərtib olunub bazara çıxarılması sosial-iqtisadi
istiqamətdə qeydə alınan dövrü statistik nəticələr üzərində aparılan
araşdırmalarla və nəticədə təsbit olunan tələb-təklif faktoru ilə bilavasitə
bağlıdır. Yerli sığorta bazarı iştirakçılarının təkliflərinə nəzər salsaq
görürük ki, təklif olunan könüllü məhsulların dövrün tələblərinə uyğunlaşması,
habelə müvafiq məhsullarla bağlı təklif olunan kampaniyalar sığorta
xidmətlərinin sayının artırılmasına, o cümlədən bütün əhali təbəqələrinin
sığortaya əlçatanlığının təmin olunmasına hesablanıb”, – deyə açıqlamada qeyd
olunub.
Hazırda Azərbaycanın sığorta bazarında 5 icbari, 30 könüllü sığorta növü
təklif olunur. Hər bir icbari sığorta növü öz-özlüyündə sığorta məhsulu olsa
da, hər bir könüllü sığorta növü üzrə təklif olunan məhsul çeşidliliyi
mövcuddur. Belə ki, sığorta şirkətləri bu gün bir könüllü sığorta növü üzrə bir
neçə sığorta məhsulu təklif edə bilirlər.