Azərbaycanda zərgərlik bazarının idxal və ixrac perspektivləri: Dünya və yerli
brendlərin rəqabət imkanları
“Azərbaycanın zərgərlik məmulatları bir çox ölkələrdə keyfiyyətli məmulatlar
kimi qəbul olunur”.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai
Birliyinin sədri Toğrul Abbasquliyev deyib.
O, zərgərlik məmulatı ixrac etdiyimiz ölkələr sırasında Özbəkistanı,
Qazaxıstanı, Qırğızıstanı, BƏƏ və Türkiyəni xüsusi vurğulayıb.
İxrac bazarlarımız genişləndirilir
“Bizim məmulatların bu ölkələrdə kifayət qədər böyük rəqabətə malik gücü var.
Bizim dəstəyimizlə Azərbaycan istehsalçıları “AzerGold” QSC-dən qızıl alaraq
zərgərlik məmulatları hazırlayıb ixrac edirlər. ABŞ-yə məhsul ixracımız olur.
Bəzi brendlərimizin Özbəkistanda vahid “Made in Azerbaijan” brendi ilə təmsil
olunması barədə danışıqlar aparırıq. Türkiyədə, Qazaxıstanda, Özbəkistanda
Azərbaycana məxsus brendlərin satış nöqtələri var. Hər il bu göstəricilərin
artacağını düşünürəm. Bu ölkələrlə qarşılıqlı razılaşmalarımız var ki, bizim
brendlər həmin ölkələrdə, onların da brendləri Azərbaycanda təmsil olunsun”, –
T. Abbasquliyev bildirib.
Beynəlxalq sərgilərə çıxış
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan zərgərlik məmulatlarının ixrac
həcmi 19 milyon manatdan çox olub:
“Bu göstəricinin artırılması üçün beynəlxalq və regional sərgilərdə iştirak
etmək önəmlidir. Azərbaycan hələ ki bu sərgilərdə iştirak edə bilmir. Amma
İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
(AZPROMO) ilə danışıqlarımıza əsasən ümid edirəm ki, yaxın zamanda həmin
beynəlxalq zərgərlik sərgi və festivallarında Azərbaycan məmulatlarını təmsil
edə biləcəyik”.
Azərbaycanda əksər brendlər təmsil olunub
T.Abbasquliev dünyanın “A” sinif zərgərlik brendlərinin hamısının Azərbaycanda
təmsil olunduğunu bildirib:
“Məşhur “Tiffany”, “Bulgari”, “Roberto Coin”, “Chopard”, “Leo Pizzo”, “Stephen
Webster” kimi brendlərin hamısı ölkəmizdə təmsil olunur. Azərbaycanda “B”
sinfinə də aid dünya brendləri var. Bunlar, əsasən, Türkiyə, İtaliya, Rusiya
brendləridir. Rusiyanın məşhur “Sokolov” brendi burada təmsil olunur. Məşhur
“Pandora” markasının Azərbaycanda beş satış mağazası var. Yəni Azərbaycanda hər
kateqoriyadan olan dünya markaları mövcuddur”.
Qiymət fərqi varmı?
O bildirib ki, “A” sinfi brendlərin qiyməti müxtəlif ölkələrdə təqribən
eynidir:
“Hansısa ölkədə qiymət fərqi çox olsa, orada satışlar xeyli aşağı olar. Çünki
bu gün insanların öz ölkəsindən xaricə rahat çıxış imkanı var. Tanınmış
brendlər yerli dilerlərlə elə işləyirlər ki, məhsullarının həmin ölkədəki
qiymətləri dünya bazarındakı qiymətlərə uyğun olsun. Azərbaycanda da belədir.
Topdan satılan qızıl, gümüş və ya qiymətli daşlardan hazırlanan məmulatların
qiyməti onun dizaynına uyğun dəyişir”.
585 əyarlı qızıl məmulatı 95 manatdan ucuz olmamalıdır
T.Abbasquliyev birjada bir qram 999 əyarlı qızılın qiymətinin 62 ABŞ dolları
olmasına toxunub:
“Bu o deməkdir ki, Azərbaycanda bir qram 585 əyarlı qızıl məmulatının maya
dəyəri 70 manatdan başlayır. Söhbət ən sadə işçilikli, fərqli dizaynı olmayan
məmulatlardan gedir. Fərqli dizaynlıların qiyməti daha yüksək olur. 750 əyarlı
qızılın isə maya dəyəri 80 manatdan başlayır. Bunun üzərinə sahibkarın gəlir
marjası da əlavə edilir. Bu marja bir qrama görə 10 manat, 30 manat və daha çox
ola bilər. Qiymətin üzərinə ƏDV də əlavə olunur. Bu hesabla bazarda minimum
gəlir marjası ilə (10 manat) 585 əyarlı qızıl məmulatının qiyməti 95 manatdan
başlamalıdır”.
750 əyarlı məmulat 105-106 manata satılmalıdır
Assosiasiya rəhbəri hesab edir ki, qiymət bundan aşağıdırsa, deməli, ya
sahibkar vergidən yayınır, ya da o məmulatın əyarı düz göstərilmir:
“Amma məmulatın dizaynı fərqlidirsə, qiyməti baha olur. Bu, əsasən, İtaliya,
İspaniya brendlərinə aiddir. Azərbaycan və Türkiyə məmulatlarında da belə
hallara rast gəlinir. Onların bir qrama görə qiymətləri 120-150 manat və ya
daha yüksək olur. 750 əyarlı qızıl məmulatının isə qiyməti minimum gəlir
marjası ilə 105-106 manat edir. Bu, bir qram məmulatın minimal satış
qiymətidir. Məmulatın üzərində qiymətli daşlar varsa, qiymət individual olaraq
təyin edilir”.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən
21,634 milyon ABŞ dolları dəyərində 1 min 608 kiloqram zərgərlik məmulatları
(gümüşdən və digər qiymətli metallardan) idxal edilib. Bu, 2022-ci ilin eyni
dövrünün göstəricisindən dəyər ifadəsində 2,1 dəfə, kəmiyyət olaraq – 41%
çoxdur. Həmin dövrdə ölkədən 997,15 min ABŞ dolları dəyərində 12,1 kiloqram
zərgərlik məmulatı ixrac edilib ki, bu da illik müqayisədə müvafiq olaraq 10 və
27 dəfə çoxdur. Altı ayda Azərbaycan İspaniyaya 371,47 min ABŞ dolları
dəyərində 1,96 kiloqram, BƏƏ-yə 367 min ABŞ dolları dəyərində 7,46 kiloqram,
İsveçrəyə 172,1 min ABŞ dolları dəyərində 0,04 kiloqram və Fransaya 86,6 min
ABŞ dolları dəyərində 2,59 kiloqram zərgərlik məmulatı satıb.