Xəbər verdiyimiz kimi 25 mart tarixində Rusiyanın Kemerovo şəhərində yerləşən “Qış albalısı” (“Зимняя вишня”) ticarət və əyləncə mərkəzində yanğın baş verib.
Rusiya fövqəladə hallar naziri Vladimir Puçkovun verdiyi məlumata görə, baş verən yanğın zamanı 64 nəfər ölüb.
Hazırda bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da ticarət və əyləncə mərkəzləri fəaliyyət göstərir. Bura axın edən insanların sayını nəzərə alsaq, ölkəmizdə də Rusiya və digər ölkələrin ticarət obyektlərində baş verənlər təkrarlanarsa, insan ölümlərinin kifayət qədər olması qaçılmazdır.
Yanğın hadisələrinin qarşısının alınması üçün mühafizənin gücləndirilməsi zəruri olan əsas məkanlar, əsasən, Bakıda fəaliyyət göstərən iri ticarət obyektləridir.
Bəs, görəsən, Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərində Rusiyadakı vəziyyətin yaşanmaması üçün hansı tədbirlər görülür? Ümumiyyətlə, bu obyektlər yanğın təhlükəsizliyinin qarşısının alınması ilə bağlı tələblərə cavab verirmi?
ÇıxışYolu.Com olaraq məsələ ilə bağlı bir sıra ticarət mərkəzlərinə eyni sualla müraciət etdik.
“Park Bulvar” AVM-in mətbuat xidmətinin rəhbəri Günay Malikqızı ticarət mərkəzinin yanğından mühafizə ilə bağlı dövlətin qoyduğunu qanunlara cavab verdiyini deyib.
O bildirib ki, oxşar hadisələrə hazırlıq məqsədilə təlimlər keçirilir:
“Park Bulvar” alış-veriş mərkəzində dövlətin qoyduğu bütün standartlar tam olaraq yerinə yetirilir. Təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq üç və altı aydan bir təlimlər keçirilir. Bütün mərtəbələrdə, qarajlarda yanğın çıxışları, yanğınsöndürmə balonları var.
Həmin balonların istifadə müddəti olduğuna görə, vaxtı bitəndə dəyişdirilir. Həmçinin bütün mərtəbələrdə yanğını lokallaşdırılan aparatlar yerləşdirilib. Yanğın zamanı həmin aparat işə düşür və su pərdə formasını almağa başlayır. Bu isə yanğının ətrafa yayılmasının qarşısını alır.
İşçilərimizin hamısı təlimlərdən keçib. Bununla yanaşı, ticarət mərkəzinin hər bir mərtəbəsində təxliyyə planları yerləşdirilib. Rusiyadakı hadisə kinoteatrda baş verib. Bizdə hər bir zalda yanğın çıxışları mövcuddur. Onlar da birbaşa olaraq yanğın çıxış pilləkənlərinə doğru açılır”.
“Paşa İnşaat Ticarət Mərkəzləri Qrupu”nun marketinq meneceri Nuranə İsgəndərova qeyd edib ki, qrupa daxil olan ticarət mərkəzləri dünyanın bir sıra yanğın təhlükəsizliyi təşkilatları ilə əməkdaşlıq edir. Bu əməkdaşlığa dair tələb olunan standartlara uyğun tədbirlər görülür:
“Bizim qrupa altı ticarət mərkəzi daxildir. Bunlar “Port Baku”, “28 Mall”, “Gənclik Mall”, yeni açılan “Gəncə Mall”, “Şüvəlan Park” və “Amburan Mall”dır. “Mall”ların inşaatı zamanı yanğın təhlükəsizliyi qaydaları nəzərə alınır.
“MFPA” adlı Yanğın Təhlükəsizliyinə Əməl Edilməsi Təşkilatı var ki, onun özünün standartları mövcuddur. Bu standartlar inşaat zamanı nəzərə alınır. Belə ki, binanın yanğına qarşı izolyasiya olunması, divardan digər divara boru keçirsə, onun izolyasiyası kimi qaydalar diqqətdə saxlanılır.
Bina tam istifadəyə verildikdən sonra onun bütün yanğın çıxışları, təxliyyə planları FHN-ə təhvil verilir və təsdiqlənir. Bunlara ticarət mərkəzlərində rast gəlmək olar. Binaların içində isə həm yanğın şlanqları, həm də balonları var.
Yanğın balonları altı aydan bir yoxlanılır. Bundan əlavə, bizim hər bir ticarət mərkəzində ildə iki dəfə təlim məqsədli təxliyyə planları həyata keçirilir”.
Ekspert Arzu Nağıyev bildirib ki, ölkədə təhlükəsizliyə təhdidlər olduğuna görə bu cür durumların yaşanmaması üçün ticarət obyektləri nəzarətdə olmalıdır:
“Rusiyanın Kemerovo şəhərində baş verən hadisə bir daha onu göstərdi ki, öz işlərinə olan etinasızlıq, onu sona qədər yerinə yetirməmək insan faciəsinə gətirib çıxara bilir.
Ticarət mərkəzinin təhlükəsizlik xidməti əgər əvvəlcədən təmirə ehtiyacı olan avadanlıqları düzəltdirmir, öz işlərini məsuliyyətli şəkildə görmürlərsə, təhlükəsizlik üçün nəzərdə tutulmuş qapıların və digər çıxa biləcək yerlərin bağlanmasının qarşısını ala bilmirsə, bunun özü artıq böyük faciədir.
Düşünürəm ki, Rusiyanın istintaq orqanları bu məsələni tam olaraq araşdıracaq. Eyni zamanda, bu faciə siyasi aksiyalara çevrilə biləcək məsələdir.
Bu cür hadisələrdən daima ehtiyatlanmaq lazımdır. Azərbaycanda da belə ticarət mərkəzləri fəaliyyət göstərir. Son zamanlar onların təhlükəsizliyinə diqqət daha da artırılıb. Ölkəmizdə erməni terroru, ərazilərimizə yaxın olan yerlərdə təhlükəsizliyimizə təhdid olduğuna görə bu məsələyə daha ciddi nəzarət var.
Son olaraq, onu deyə bilərəm ki, həyatda ən bahalı nemət insan sağlamlığıdır. Bunun qorunması isə həm özünün, həm də ona cavabdeh olan hüquq-mühafizə orqanlarının birbaşa olaraq vəzifəsidir. Bu da konstitusiya hüququnun pozulmaması və insanların rifahı üçün önəmli amildir. Düşünürəm ki, bu məsələlər hərtərəfli şəkildə təmin olunmalıdır”.