c0127a68-9bf9-4d1b-8461-171beb16dbdf.webp

Azərbaycanı gözügötürməyənlərin COP29 ərəfəsində son çırpınışları

Baxış sayı: 160 dəfə baxılıb.

Son günlərdə Azərbaycana qarşı qarayaxma kampaniyasının yeni dalğasını
müşahidə edirik. Tək ölkəmiz üçün yox, bütün bölgə üçün əlamətdar hadisə olan
COP29 ərəfəsində nədir bu, son ümid, yoxsa sadəcə gözügötürməzlik?

“Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.

BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyası əsasında keçirilən
COP-un əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltməkdir. COP
hər il növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir
ölkəsində keçirilir. Avropanın öz daxilində namizəd qitənin şərti olaraq Qərb
və Şərq hissələrinin təmsilçiləri arasında rotasiya prinsipi ilə müəyyən
olunur. Sıra Şərqi Avropada olduğundan, bu coğrafiyanı təmsil edən ölkələrin
seçimi Azərbaycanın üzərinə düşüb.

Ötən il COP29-un ev sahibi seçilərkən Azərbaycanla yanaşı, Ermənistanın da
namizədliyi irəli sürülmüşdü. 2023-cü ilin 7 dekabrında Azərbaycan və
Ermənistan arasında əldə edilmiş razılığa əsasən, rəsmi İrəvan Bakının
namizədliyinə dəstəyini bildirdi. Bu anlaşma tək COP üçün deyil, bütövlükdə iki
ölkə arasındakı sülh prosesi baxımından inqilabi hadisə sayılır. Çünki məhz
bundan sonra danışıqların xüsusi intensivliklə davam etdirilməsinin, yekun
sülhün məhz iqlim konfransı çərçivəsində imzalanacağına dair ehtimallar və
təbii ki, arzuların səslənməsinin şahidi olmuşuq. Tərəflər arasındakı sülhə
məhz COP29 çərçivəsində nail olunması çabaları rəsmi Vaşinqton tərəfindən daha
aktivliklə nümayiş etdirilir.

İrəvanın Bakıda XİN rəhbəri Ararat Mirzoyanla təmsil olunacağı ehtimal edilir.
İki gün öncə o, yekun sülhə doğru cəmi “1-2 formal məqamın qalması” barədə
açıqlama verib. Mirzoyanın sözlərinə görə, tərəflərin tam sülhə gəlməsi
istiqamətində “ehtiyatlı optimizm” var.

Erməni diasporundan maliyyələşən lobbiçi qruplar və media, habelə Ermənistan
KİV-ləri tərəfindən Azərbaycana qarşı son aylarda intensivləşən COP29-la bağlı
təbliğatın iki məqamı xüsusi diqqət çəkir: birincisi, Azərbaycan neft ölkəsi
olduğu halda iqlim dəyişikliyinə dair mötəbər tədbirə necə ev sahibliyi edə
bilər? İkincisi isə, Azərbaycan “erməni əsirləri”ni azadlığa buraxmır deyə
COP29 Bakıda keçirilməməlidir.

COP 1995-ci ildən etibarən keçirilir. Əvvəlki 28 ev sahibinin siyahısına
baxdıqda görmək olar ki, indiyədək konfrans neft hasil edən ölkələrdə də
keçirilib, onu ən çox istehlak edən dövlətlərdə də. Dünyanın aparıcı
iqtisadiyyatlarına malik olan dövlətlərin neft korporasiyaları enerji
daşıyıcılarının hasilatı, daşınması və emalı prosesinin liderləridir və elə
ekologiyaya da ən böyük zərəri onlar vururlar. İqlim dəyişikliyinin ən iri
katalizatorları da elə bu ölkələrdir. İndinin özünə qədər ABŞ COP-un əvvəlki
konfranslarında əldə edilmiş bəzi razılaşmalara riayət etmir, yaxud ayrı-ayrı
bəndlərlə bağlı qeydləri var. Belə olan halda Azərbaycanın ünvanına “qara piar”
kampaniyasının “pioner”ləri olan media qurumlarının nədən məhz bu ölkələri
təmsil etməsi çoxsaylı suallar doğurur.

Avropa Parlamentindəki imkanlarından istifadə edən Paris Azərbaycana qarşı
fobiyası olan deputatları vasitəsilə bu kampaniyanın önündə gedir. Fransız
parlamentarilər Bakıya qarşı bildikləri və bilmədikləri hər mövzuda şər atmağa
və qara yaxmağa çalışırlar. Bu mənzərə bir çox hallarda istehza doğurur. Çünki
Fransa boyda ölkənin parlamentini illərdir təmsil edən şəxslərin gerçək məlumat
kasadlığı və qərəzliliyi ciddi siyasət və mübarizəyə həqarətdir. Fransızlar
böhtan dolu çıxışlarını edirlər, ağızları açıq onlara baxan avropalı
həmkarlarından isə bir nəfər özünə zəhmət verib soruşmur: Fransanın açıq
okeanda həyata keçirdiyi nüvə sınaqları nəticəsində dünya iqliminə,
biomüxtəlifliyə dəyən zərər barədə nə deyə bilərsiniz?

Ermənipərəst “insan haqları müdafiəçiləri”, o cümlədən “Human Rights Watch”
kimi qərəzli təşkilatları COP29 prizmasından narahat edən digər məsələ “erməni
əsirləri”nin aqibətidir. Üzərinə insan hüquqları kimi bəşəri anlayışın
müdafiəsini götürmüş belə qurumların əlləri minlərlə azərbaycanlının qanına
batmış separatçı caniləri hansı kriteriyalara əsasən “əsir” hesab etmələrinin
səbəbi məlumdur. Bölücü xuntanın liderlərinin həbs olunmasından bir il ötüb,
ancaq indiyədək nə özünə hörmət edən bir beynəlxalq təşkilat, nə də dövlət
rəsmisi bu mövzu ilə bağlı Azərbaycana hər hansı müraciət edib. Təbii ki,
Fransa istisna olmaqla. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyi bu
günlərdə deyib: “Azərbaycan ermənilərin Qarabağa qayıtmasına icazə verməyə
borcludur. COP29-un təşkilatçısı kimi Azərbaycan beynəlxalq diqqəti özünə cəlb
edir ki, bu da xüsusi beynəlxalq öhdəliklər yaradır. İndiki mərhələdə onların
əsas məsuliyyəti Ermənistanla sülh müqaviləsi bağlamaqdır”.

Fransa səfirinin hansı təhsil ocağında diplomatiya dərsi alması bizə maraqlı
deyil, ancaq tarixdə hələ heç bir halda qalib dövlətin məğlub qarşısında sülh
müqaviləsini imzalamaq kimi məsuliyyəti olmayıb. Əsl öhdəliyi bu gülünc iddianı
Afrika və Asiyanın müxtəlif yerlərində insanlara qarşı olmazın vəhşiliklər
etmiş, qətllər və soyqırımları törətmiş bir dövlətin diplomatının söyləməsi
yaradır. COP tarixində qəbul edilmiş qərarların əhəmiyyətinə görə 2015-ci ildə
baş tutmuş Paris konfransının xüsusi yeri var. COP-un Parisdə keçirilməsi
ərəfəsində Fransanın ünvanına Afrikadakı müstəmləkələrdə törətdiyi qanlı
vəhşiliklərlə bağlı ittihamlar səslənirdimi? Görəsən, iqlimlə bağlı qəbul
edilmiş qərarlar Fransanın müstəmləkəçilik siyasətinə hansısa təsir göstəribmi?

Fransa kimi türk və Azərbaycan qorxusu olan ölkələri, erməni diasporuna
işləyən dairələri narahat edən əsas məsələ irəli sürdükləri tələblərə hansısa
diqqətin yönəlməsi üçün COP29-u son şans qismində görmələridir.

Source link