a90afb05-7eed-45e8-b428-b53b2fedca9d..jpg

Azərbaycanı hədəfə götürənlərə CAVAB: “Rusiyanın 68 milyardlıq qaz ixracatının yarısı Avropaya gedib” – FOTO

Baxış sayı: 987 dəfə baxılıb.

Azərbaycanı hədəfə götürənlərə CAVAB: “Rusiyanın 68 milyardlıq qaz ixracatının
yarısı Avropaya gedib” – FOTO

Bir müddətdir Azərbaycanın sonradan Avropaya və ümumilikdə dünya bazarına
ixrac etmək məqsədilə Rusiyadan qaz alması barədə iddialar dolaşır. Bu
söhbətlərin ortaya atılma səbəbi isə ötən ilin sonunda Rusiyadan bir milyard
kubmetr həcmində qaz almaq üçün Azərbaycanla Rusiya arasında müqavilənin
imzalanmasıdır. Lakin iki gün əvvəl Prezidentİlham Əliyev sözügedən məsələyə
diqqət çəkərək iddiaların Azərbaycana qarşı qarayaxmadan başqa bir şey
olmadığını vurğuladı. Dövlət başçısı diqqətə çatdırdı ki, keçən müddətdə
Azərbaycan həmin həcmin heç yarısını da almayıb.

Məsələ ilə bağlı Cixisyolu.com-a danışan neft və qaz məsələləri üzrə ekspert Dalğa
Xatınoğlu bildirib ki, Avropa Birliyi get-gedə Rusiya qazından imtina etməyə
başlayır və çalışır ki, 2027-ci ilə qədər Rusiyadan qaz alışını tamamilə
dayandırsın. Ancaq bu o demək deyil ki, başqa ölkələr də Avropa Birliyinin
sanksiyalarına qoşulmalıdırlar:

“Əgər biz statistikaya baxsaq, görərik ki, Rusiya Avropa Birliyinə 155 milyard
kubmetr qaz ixrac etmişdi. Hələ də, az miqdarda olsa belə, Avropa Birliyinin
Rusiyadan qaz aldığını görürük, hətta həcm o qədər az da deyil, 100 milyon
kubmetrdir. Rusiyanın Avropaya qaz ixracının bir qolu Türkiyədən keçir.
“TurkStream-2” adlanan bu qolun ildə 16 milyard kubmetr ötürücülüyü var və hələ
də aktivdir. Doğrudur, Azərbaycanın ildə bir milyard kubmetr qaz alması üçün
“Qazprom”la müqavilə bağlanıb. Bunu hətta artıra da bilərik. Amma bizim bu
addımımız Avropa Birliyinə, Qərbə də heç bir problem yaratmır. Rusiyanın
2021-ci ildə 240 milyard kubmetr qaz ixracatı olub. 2022-ci ildə yarıya düşüb.
Biz dünya bazarına bunun təsirini görürük. 2022-ci il fevral ayının 24-dən
2022-ci ilin sonuna qədər Rusiyanın 68 milyard dollar qaz ixracatı olub ki,
onun yarısı Avropaya gedib. Ona görə də bunların əsassız iddialar olduğunu
düşünürəm”.

Ekspert diqqətə çatdırıb ki, bu gün Azərbaycan təkcə Avropa Birliyinin deyil,
Gürcüstan, Türkiyə kimi ölkələrin də qaz ixracatçısıdır:

“Əslində, məntiqlə Rusiyadan ucuz qiymətə qaz alıb-satmaq yaxşı fürsətdir.
Bizim onu saxlamaq üçün yeraltı qaz anbarlarımız da var. Amma bunu etmirik.
Təkcə bir nümunəm yetərlidir ki, belə bir addım atmadığımız sübuta yetsin.
Məlumdur ki, yanvarın 1-dən İran Türkiyəyə qaz ixracatını 70 faiz azaldıb,
hətta dayandırıb. Çünki İranın özündə qaz böhranı var. Əgər bizdə artıq qaz
olsa, biz həmin qazı Türkiyəyə verərik. Ona görə də bu iddialar əsassızdır.

Əvvəldə də dediyim kimi, Azərbaycan istəsə, Rusiyadan qaz idxalını iki dəfə də
artırar və bunu Avropa Birliyindən başqa, digər müştərilərinə satar. Sadəcə,
lüzum görmürük. Bizim AB ilə müqavilələrimiz var və bu, yalnız “Şahdəniz-2”dən
Avropanın üç ölkəsinə gedən ildə on milyard kubmetr qaz ixracatı ilə
məhdudlaşmır. 10-a yaxın ölkə var ki, biz onlarla memorandum imzalamışıq. Yəni
öhdəliklərimizin icrası üçün bir milyard elə də böyük həcm deyil. Boş yerə qara
yaxmasınlar. Azərbaycana qarşı qınaqlar əsassızdır.

Digər bir tərəfdən də qeyd etməliyəm ki, Azərbaycanın Rusiyadan qaz alması
beynəlxalq enerji bazarlarının təhlükəsizliyinə xidmət edir”.

Sayad Həsənli

Source link