Azərbaycanı təhdid edən mina təhlükəsi: Dünya buna nə qədər susacaq? – ŞƏRH +
FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
4 aprel tarixi bütün dünyada Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi
ilə Mübarizəyə Yardım Günü kimi qeyd olunur. Beynəlxalq Mina Xəbərdarlığı və
Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü Azərbaycan üçün də xüsusi əhəmiyyət
daşıyır. Belə ki, Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan
dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr
sırasında yer alır.
İlkin qiymətləndirmələrə görə, 30 illik işğal dövründə torpaqlarımıza 1,5
milyondan artıq mina basdırılıb. Bu, ilk növbədə beynəlxalq humanitar hüququn
pozulmasıdır. Dilemma ondan ibarətdir ki, başqa vaxt havadarlarının təhriki ilə
beynəlxalq hüquq “pərdəsi” arxasında gizlənməyə çalışan İrəvan 30 il ərzində
açıq şəkildə insanlıq əleyhinə cinayət törədib. Daha maraqlı və
təəssüfləndirici məqam isə budur ki, həmin müddət ərzində heç bir üçüncü dövlət
və beynəlxalq təşkilat Ermənistana “gözün üstündə qaşın var” deməyib. Hətta
indi – Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən, işğala son qoyduqdan
sonra, sülh perspektivinin gündəlikdə olduğu bir vaxtda vasitəçilik iddiasında
olan tərəflər minalı ərazilərin xəritəsinin Azərbaycana verilməsini
Ermənistandan tələb etmirlər. Bu isə mina qurbanlarının sayının artmasına səbəb
olur.
Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günə
qədər 350 vətəndaşımız mina qurbanına çevrilib, onlardan 65-i həlak olub, 285-i
isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün
başladığı ilkin dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər
çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarından 357-si uşaq, 38-i
isə qadındır.
Bu azmış kimi, İkinci Qarabağ müharibəsindən sonra da Ermənistan riyakar
əməllərini davam etdirdi. Rəsmi İrəvan 44 günlük döyüşlərdən sonra bir müddət
Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam
etdi. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hələ 2023-cü ilin
sentyabr ayında BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışı zamanı
bildirmişdi ki, 2020-ci il Üçtərəfli Bəyanatından sonra Azərbaycanda 2022-ci
ilin avqust ayından indiyədək Ermənistanda 2021-ci ildə istehsal edilmiş
ümumilikdə 2 728 mina aşkarlanaraq zərərsizləşdirilib.
Ermənistanın uzun illər davam edən mina terroru onu deməyə əsas verir ki,
qarşı tərəf Qarabağın nə vaxtsa işğaldan azad olunacağını bilirdi. Rəsmi İrəvan
başa düşürdü və həm də etiraf edirdi ki, Qarabağ Ermənistan ərazisi deyil. Elə
buna görə də həmin əraziləri rahatlıqla minalayırdı.
İkincisi, bu həm də o deməkdir ki, Ermənistan beynəlxalq hüquq normalarına
etinasız yanaşmaqla yanaşı, mülki insanlara qarşı vandallıq törətməkdən də
çəkinmirdi.
Mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma
işlərini, insanların öz doğma yurdlarına qayıdış prosesini ləngidir, insanların
həyat və sağlamlığına ciddi təhdid yaradır. Hazırda işğaldan azad olunmuş
ərazilərdə minatəmizləmə fəaliyyətinin 90 faizindən çCixisyolu.comərbaycanın daxili
resursları hesabına aparılır. Bu istiqamətdə bəzi xarici tərəfdaşlarla
əməkdaşlıq edilsə də, ümumilikdə xaricdən verilən dəstək cüzidir.
Humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən
biridir. Çünki rəsmi Bakı vətəndaşların öz tarixi torpaqlarına mümkün qədər tez
qayıtmasına çalışır.
Azərbaycan öz ərazilərində minatəmizləmə işlərini davam etdirməklə yanaşı,
qlobal miqyasda da bu işə əhəmiyyətli töhfə verir. 2023-cü ilin mayında Ağdamda
“Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda
beynəlxalq konfrans keçirilmişdi. Həmin konfrans zamanı Azərbaycan Prezidenti
İlham Əliyev iştirakçılara müraciət etmiş, öz çıxışında çox mühüm mesajlar
vermişdi. Özəlliklə qeyd edilmişdi ki, Azərbaycanın təşəbbüsü ilə UNESCO
silahlı münaqişələr zamanı mədəni irsin qorunmasının çox mühüm bir istiqaməti
kimi, minaların mədəni mülkiyyətə təsiri mövzusunda xüsusi qətnamə qəbul olunub.
İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bu gün Bakının əsas
hədəflərindəndir. Azərbaycan bu məqsədlə bütün imkanlarını səfərbər edir.
Həmçinin gələcək mina risklərinin qarşısının alınması məqsədilə topoqrafik
məlumatların Azərbaycana verilməsi üçün Ermənistanla təmasları davam etdirir.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 4-də özünün “X”
hesabında yazıb ki, Azərbaycanın azad edilmiş ərazilərinin demək olar ki, hər
qarışı işğal illərində Ermənistan tərəfindən minalarla çirkləndirilib. Bu, həm
də beynəlxalq ictimaiyyətə verilmiş mesajdır. Çünki beynəlxalq aktorlar minalı
ərazilərin təmizlənməsi və sözügedən topoqrafik xəritələrin Azərbaycana
verilməsi üçün Ermənistana təzyiq göstərməlidirlər. Onlar yalnız bu halda
özlərinin səmimiliklərini və beynəlxalq hüquqa hörmətlə yanaşdıqlarını göstərə
bilərlər.
“Report” İnformasiya Agentliyi