Azərbaycanı təmsil edən daha bir stolüstü tennisçi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Gənclərin Olimpiya Oyunlarına lisenziya qazanıb.
ÇıxışYolu.Com xəbər verir ki, 24-25 mart tarixlərində Tunisdə 2018 Buenes Ayres Gənclərin Olimpiya oyunlarına növbəti təsnifat turniri keçirilib.
Turnirin birinci mərhələsində 25 idmançı iştirak edib. Azərbaycanı təmsil edən Xinhanq Yu bütün görüşlərdə qalib gələrək ölkəmizə növbəti lisenziyanı təmin edib. O ardıcıllıqla Əlcəzair, Avstriya, Serbiya, Macarıstan və Sinqapur idmançılarına qalib gəlib.
Qeyd edək ki, 2018 Gənclərin Olimpiya Oyunlarında hər ölkəyə iki yer ayrılıb və stolüstü tennis idman növü artıq bu iki yerin sahibidir.
Xatırladaq ki, bundan əvvəl Dərya Farşbafşəhriyari (bədii gimnastika), Fatimə Alkərimova (üzgüçülük) və Ninq Jinq (stolüstü tennis) oktyabrın 6-18-də təşkil olunacaq Olimpiadaya Azərbaycan adından lisenziya qazanıb.
Səbuhi TOFİQOĞLU