Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
ÇıxışYolu.Com xəbər verir ki, altıncı yarış günündə Hacımurad Hacıyev (70 kq) cari DÇ-də finalda mübarizə aparan ilk güləşçimiz olub.
Dağıstanlı legionerimizin Rusiyadan olan həmyerlisi Razambəy Camalov ilə final qarşılaşması dramatik alınıb. İlk hissədən sonra 0:3 hesabıyla geridə olan təmsilçimiz görüşün sonlarında geridönüş edərək dünya çempionu olub. Bu, cari mundialda ilk qızıl medalımızdır.
79 kq çəki dərəcəsində güləşən Orxan Abbasov isə bürünc medal uğrunda görüşdə Moldovadan olan həmkarı Adrian Qrosulu üstələyib və mundialda III yeri tutub.
Qeyd edək ki, sabah digər dağıstanlı legionerimiz Əbubəkr Abakarov (74 kq) finalda ABŞ təmsilçisi Mexi Kevin Luislə final görüşünə çıxacaq. Ağır çəkili pəhləvanımız Rahid Həmidli (125 kq) bürünc medal üçün güləşəcək. Asxab Həmzətov (92 kq) isə bürünc medal qazanmaq üçün təsəlliverici yarışa qatılacaq.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com