Azərbaycanın ABŞ-dəki səfirliyində seçki məntəqəsi yaradılması üçün intensiv
işlər görülür
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların 2024-cü il fevralın
7-də keçiriləcək növbədənkənar prezident seçkisində iştirakı üçün hazırlıqlar
davam edir.
“Report”un ABŞ bürosu xəbər verir ki, xarici ölkələrdə yaşayan soydaşlarımızın
seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın həmin ölkələrdəki
diplomatik nümayəndəliklərində, səfirlik və konsulluqların inzibati binalarında
seçki məntəqələrinin yaradılması üçün intensiv işlər görülür.
Azərbaycanın Vaşinqtondakı səfirliyi ABŞ ərazisində daimi yaşayan və ya
müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış
Azərbaycan vətəndaşlarına müraciət edərək onların seçici siyahısına əlavə
olunmaları məqsədi ilə özləri haqqında məlumatlar təqdim etmələrini xahiş edib.
Paytaxtla yanaşı, Nyu-York və ətraf bölgələrdə yaşayan həmvətənlərimizin də
Azərbaycanın Vaşinqtondakı səfirliyində qurulacaq seçki məntəqəsində səs
verəcəyi güman edilir:
“Bu səpkidə işlər davam edir. Los-Ancelesdə fəaliyyət göstərən konsulluq da
yaxın günlərdə həmin bölgədə qurulacaq səsvermə mərkəzinin fəaliyyəti ilə bağlı
ictimaiyyətə məlumat verəcək”.
Qeyd edək ki, bu ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident
seçkisi keçiriləcək.