Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Almaniyada mühacirətdə olan, Azərbaycan tərəfindən axtarışa verilmiş Mehdi
Xəlilbəyli Bakıda həbs olunub.
APA-nın əldə etdiyi xəbərə görə, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya
qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon
məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq,
istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
M.Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə – 220-ci
(kütləvi iğtişaş), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan
olunub.
Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
M.Xəlilbəylinin vəkili Hafiz Ələsgərov bildirib ki, müdafiə etdiyi şəxs
istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib.
M.Xəlilbəyli Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü qeyd
edib.
Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM)
üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr
ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə
şübhəli bilinən azərbaycanlıları saxlayıb.
Saxlanılanlar arasında Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də
olub. Bununla bağlı məhkəmə prosesi keçirilib. M.Xəlilbəyli 2020-ci ilin yanvar
ayında azadlığa buraxılıb.