Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs
Siyahısına daxil edilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm
və Mədəniyyət Təşkilatı – ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası
İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks
etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası
İrs Siyahısına daxil edilib:
1. Yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri;
2. Dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi;
3. Pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş;
4. Azərbaycan muğamı;
5. Lahıc misgərlik sənəti;
6. Çövkən – ənənəvi Qarabağ atüstü oyunu;
7. Azərbaycan aşıq sənəti;
8. Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi;
9. Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı;
10. Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti.
Dekabrın 19-da ICESCO-nun qərargahında Mərakeş rəsmiləri, təşkilata üzv
ölkələrin diplomatik nümayəndəlikləri və İslam Dünyası İrs Komitəsi üzvlərinin
də iştirak etdiyi mərasimdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
hazırladığı namizədlik faylları əsasında qeyd olunan elementlərin İslam Dünyası
İrs Siyahısına daxil edilməsini təsdiq edən sertifikat ICESCO-nun baş direktoru
Salim əl-Malik tərəfindən Azərbaycanın bu qurumdakı daimi nümayəndəsi Nazim
Səmədova təqdim edilib. İslam Dünyası İrs Komitəsinin sözügedən qərarı ilə
Azərbaycan xalqına məxsus bu qeyri-maddi mədəni irs elementlərinin mühüm dəyəri
vurğulanıb və mədəni irsin qorunması, mühafizəsi və davamlılığının təmin
edilməsinin vacibliyi nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin
qorunması mövzusu mühüm yerlərdən birini tutur.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və
Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı
ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına
daxil edilib.
Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs
nümunələrinin sayı 15-ə çatıb.