Azərbaycanın dəstək verdiyi iraqlı türkmənlərin futbol komandası vilayət
çempionu olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) İraq türkmənləri və
Azərbaycan arasında mədəni əlaqələrin güclənməsi, türkmən gənclərin ictimai və
fərdi inkişafına dəstək verilməsi istiqamətində həyata keçirdiyi layihələr
çərçivəsində İraqın türkmənlər yaşayan Tel-Afər şəhərində bir müddət əvvəl
yeniyetmələrdən ibarət futbol komandası yaradılıb.
Cixisyolu.com xəbər verir ki, Azərbaycanın və İraq türkmənlərinin ortaq dəyəri hesab
olunan böyük şair və mütəfəkkir Füzulinin, eyni zamanda, Azərbaycanın işğaldan
azad edilmiş eyniadlı şəhərin adını daşıyan “Füzuli” komandası Tel-Afər Gənclər
Akademiyasının tərkibində İraq Gənclər Mərkəzi ilə bir yerdə təsis edilib.
“Füzuli” komandası bu mövsüm Tel-Afər şəhərinin də daxil olduğu Ninəva
vilayəti üzrə yeniyetmələr arasında keçirilmiş yarışlara qatılıb, final
mərhələsinə qədər yüksəlib. Martın 10-da final mərhələsində son rəqibinə
penaltilər seriyasında qalib gələn komanda Ninəva vilayətinin çempionu adını
qazanıb.
“Füzuli” komandası yaranan dövrdən etibarən futbolçuların geyim formaları,
avadanlıq və digər ləvazimatlarla təmin olunmasına Azərbaycan tərəfindən dəstək
göstərilib.
Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının İdarə Heyətinin sədri Elçin
Əsgərov bildirib ki, ABİA-nın İraq türkmənlərinə yönəlik layihəsi çərçivəsində
keçən il təşkilatın və İraqın Tel-Afər Gənclər Mərkəzinin birgə təşkilatçılığı
ilə Azərbaycan və ərəb dillərində “Ortaq mədəniyyətin övladları – İraq
türkmanları və Azərbaycan” adlı kitab nəşr olunub. Həmin kitabın Azərbaycanda
və İraqda təqdimatı keçirilib. Ötən il sentyabrın 27-də Vətən müharibəsi
şəhidlərinin anım günü ilə bağlı İraqda bu ölkənin aparıcı təşkilatlarının və
türkmən əşirət başçılarının iştirakı ilə mərasim keçirilib, eyni zamanda,
Azərbaycan Ordusunun qəhrəmanlıqlarının, 30 illik işğalın nəticələrinin,
hazırda Qarabağda gedən bərpa-quruculuq işlərinin əks olunduğu fotosərgi və
film nümayiş etdirilib.
Layihə çərçivəsində, həmçinin bir qrup iraqlı türkmən gənc üçün Azərbaycan
dili, tarixi, mədəniyyəti üzrə kurslar, şəxsi inkişaf üzrə bir sıra peşə
kursları təşkil edilib.