Azərbaycanın dini konfessiyalarının rəhbərləri Prezident İlham Əliyevi təbrik
ediblər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə
təbrik məktubu ünvanlayıb.
President.az
məktubda deyilir:
“Möhtərəm cənab Prezident.
Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən şərəf duyur,
Azərbaycan xalqı və dövləti naminə misilsiz fəaliyyətinizdə, beynəlxalq
müstəvidə böyük dəyər kəsb edən səylərinizdə Uca Yaradandan uğurlar diləyirik.
Siz müdrikliyinizi yaşınızla, təvəllüd tarixinizlə deyil, əməllərinizlə,
dövlətçilik təfəkkürünüzlə təsdiq etmiş dövlət xadimisiniz. Sizin Azərbaycan
xalqına bəxş etdiyiniz Qarabağ Zəfəri uğurlu dövlət xadiminin, qalib
sərkərdənin doğma xalqına əvəzsiz töhfəsi olub, bəşər tarixinə həkk ediləcək
hadisə miqyasına malikdir. Azərbaycan xalqının haqq mübarizəsinin qalibiyyət
dastanını dünya tarixinin səhifələrinə möhtəşəm Zəfər Günü ilə həkk etmiş
şəxsiyyət olaraq Zati-aliniz Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları
üzərində suveren hüququnu təsbit etdi. Tarixi ədalətin bərpası – əzəli
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq
qalib gəldiyiniz Vətən müharibəsi haqqın, ədalətin təntənəsinə inamı təcəssüm
etdirdiyi kimi, 15 oktyabr – Xankəndi Zəfəri millət olaraq ləyaqət və
şərəfimizin bərpasını əyan etdi. Azərbaycan xalqının Ulu Öndərinin vəsiyyətini
– Ata vəsiyyətini yerinə yetirmiş Zati-alinizin Azərbaycan cəmiyyətinə bəxş
etdiyi bu təntənəli tarixi günə görə hər bir azərbaycanlının qəlbində özəl yeri
vardır.
Uca Yaradan doğru yolda olanların səy və əməllərinə rəvac verir. Şükürlər
olsun ki, Vətənimizə, millətimizə uğurlar yaşadan Sizin kimi Liderimiz var.
Böhranları üstələyə bilən iqtisadiyyatı, örnək siyasi mədəniyyəti, dini-mənəvi
dəyərləri, multikultural ənənələri ilə tanınan Azərbaycan dünyaya örnəkdir.
Bütün bunlar, heç şübhəsiz ki, Sizin güclü, ardıcıl siyasi iradənizin
sayəsindədir. Bu gün Sizin rəhbərliyinizlə multikultural, bəşəri dəyərlərə
sadiq Azərbaycan işğaldan azad olunmuş torpaqlarında erməni vandalizminin acı
nəticələrini aradan qaldırır, möhtəşəm infrastruktur layihələri, genişmiqyaslı
quruculuq işləri reallaşdırır. Allah evlərinin, məbəd və ibadət məkanlarının
yenidən inşa-bərpası ilə bağlı qətiyyətli iradə və fəaliyyətiniz bizi hədsiz
sevindirir.
Möhtərəm cənab Prezident, dini konfessiya rəhbərləri olaraq müxtəlif etnik və
dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının mənəvi harmoniya
şəraitində bir ailənin üzvləri kimi xoşbəxt yaşamalarını təmin edən
multikultural ənənələrimizə istinadən Sizin qlobal müstəvidə dinlər və
sivilizasiyalararası dialoq işinə verdiyiniz böyük əməli töhfələri yüksək
dəyərləndiririk. Sizin təvəllüd gününüz bizə xoş fürsət verir ki, Zati-alinizin
Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə bütün Azərbaycan
dindarlarının dərin təşəkkürlərini bir daha ifadə edək. Azərbaycandakı müxtəlif
dini konfessiyaların nümayəndələri – dindarlar və din xadimləri fəxr edir və
inanırlar ki, Azərbaycanı qalib ölkə, xalqını Zəfər çalmış xalq yüksəkliyinə
qaldırmış Zati-alinizin rəhbərliyi ilə Azərbaycan bundan sonra da yeni
zirvələrə yüksələcək, hər zaman uğurlara imza atacaqdır.
Zati-alinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi
dəst-xəttinizi, beynəlxalq miqyasda həmrəyliyə xidmət edən ideyalarınızı
dəstəkləyən, hər zaman diqqət, qayğı və himayənizi hiss edən biz dindarların
duaları hər zaman Sizinlədir.
Möhtərəm cənab Prezident, Siz Uca Allahın köməyi ilə Azərbaycan xalqının
dəstək və həmrəyliyi, sonsuz məhəbbət və dərin etimadını haqq etmisiniz və bu,
Ulu Tanrının lütfüdür. Bu xoş fürsətdən istifadə edərək Azərbaycanda siyasi
hakimiyyətə gəlişinizin 20-ci ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir,
dövlətimizə və xalqımıza bəxş etdiyiniz uğurlu inkişaf yolu və tarixi
nailiyyətlərə görə səmimi təbriklərimizi ifadə edirik. Həyatını Azərbaycana
həsr etmiş, anadan olmasının 100-cü ildönümü tamam olan Ulu Öndərin bütün
fəaliyyət və əməlləri kimi, ailə ocağında yetişmiş övlad da Azərbaycan xalqının
səadətinə xidmət etməkdədir.
Möhtərəm cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların
Məşvərət Şurası adından Sizi – Azərbaycan dövlətinin müzəffər dövlət başçısını
bir daha ürəkdən təbrik edir, ölkə dindarlarının iradəsini ifadə edərək
Zati-alinizə və dəyərli ailənizə cansağlığı, xoşbəxtlik, dövlətçiliyimiz naminə
fəaliyyətinizə uğurlar diləyirik. O Bir Olan Yaradanımız hər zaman yardımçınız
olsun, Lütf və Mərhəmətini Azərbaycan xalqı, dövləti və onun müdrik dövlət
rəhbəri üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Milix Yevdayev
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri,
Arximandrit Aleksiy Nikonorov
Rus Pravoslav Kilsəsinin və Azərbaycan Yeparxiyasının katibi,
Yepiskop Vladimir Fekete
Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol
prefekturasının ordinarisi,
Aleksandr Şarovski
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri,
Robert Mobili
Alban-udi Xristian Dini İcmasının sədri”.