Azərbaycanın dörd kəndinin işğaldan azad olunması Cənubi Qafqaz regionu üçün
əhəmiyyət kəsb edir – RƏY
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın dörd kəndinin işğaldan azad edilməsi barədə razılıq Prezident
İlham Əliyev diplomatiyasının uğurudur”.
Bu sözləri “Report”a müsahibəsində gürcü politoloq Badri Naçkebiya deyib.
Onun sözlərinə görə, bu, əslində iki ölkənin – Azərbaycan və Ermənistanın
beynəlxalq vasitəçilər olmadan razılıq əldə etdiyi və müsbət nəticə verən ilk
uğurudur.
“Ötən əsrin 90-cı illərində Ermənistan silahlı qüvvələri tərəfindən işğal
edilən kəndlərin qaytarılması çox böyük nailiyyətdir. Bu, təkcə Azərbaycan və
Ermənistan üçün deyil, ümumilikdə Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət
kəsb edir”, – deyə politoloq qeyd edib.
B.Naçkebiya bildirib ki, gürcü siyasətçilər 2020-ci ildəki 44 günlük
müharibədən sonra sülh müqaviləsi istiqamətində aparılan danışıqları maraqla
izləyirlər:
“Danışıqlar prosesində əldə olunan hər bir uğur gürcüləri də sevindirir.
Danışıqların bu cür uğurla nəticələnməsi regionda davamlı sülhə nail olmaq
imkanlarını artırır”.
“Düşünürəm ki, Zəngəzur dəhlizinin də açılıması ilə bağlı danışıqlar
prosesində tez bir vaxtda müsbət nəticələr əldə olunacaq”, – deyə politoloq
vurğulayıb.