323f3256-277f-425d-ba6e-c62d27db0782..jpg

Azərbaycanın dövlət büdcəsinə gələn il Neft Fondundan transfertin artmasının səbəbləri AÇIQLANDI

Baxış sayı: 789 dəfə baxılıb.

Azərbaycanın dövlət büdcəsinə gələn il Neft Fondundan transfertin artmasının
səbəbləri AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn ilin dövlət büdcəsinin proqnozlarında neft sektorundan vergi
daxilolmalarında iki dəfəyə qədər azalma gözlənildiyinə görə ümumi vergi
daxilolmalarında (2023-cü ilin proqnozundan -7,5%) geriləmə olacaq.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin
İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq
məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinin bu vacib məqamlardan biridir.

Bunu S.Şərifov deputatların iradlarına münasibət bildirərkən deyib.

“Biz maliyə imkanlarımıza real olaraq baxmalıyıq. Cari ildə dövlət büdcəsində
dürüstləşdirmə apardıqdan sonra, edilən dəyişikliklər nəzərə alınmaqla 2024-cü
ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozlarında azalma var.

Neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq həcmdə azalıb.
Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat
etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya
miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında
hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki,
Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu
gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimizi Prezident
işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizə
yönəltdi. Gəlirlərin azalmasına təsir edən ikinci faktor neft hasilatının
azalmasıdır. Biz bunları tam reallıqla dərk etməliyik. Bizim əsas neft
yatağımız olan “Azəri-Çıraq-Günəşli”nin neçə illər ərzində istismarı
nəticəsində onun ehtiyatları tədricən tükənir. Nəticədə hasilatımız azalır”, –
nazir bildirib.

S.Şərifov vurğulayıb ki, dünya enerji bazarlarında olduqca müsbət münbit
qiymət konyukturası bu gün mövcuddur:

“Hətta bu da nəzərə alınmaqla dövlət büdcəsində neftin qiyməti 60 ABŞ
dollarına qaldırılıb”.

O bildirib ki, neftin 10 ABŞ dolları bahalaşması dövlət büdcəsinin gəlirlərini
təxminən 420 milyon manat artırıb:

“Bu, Dövlət Neft Fondunun (ARDNF) gəlirlərini daha da çoxaldıb. Bu gün bizdə
[dövlət büdcəsində] neftin qiyməti 60 ABŞ dolları təşkil edir, beynəlxalq
təşkilatların proqnozlarında təxminən 80 ABŞ dollarıdır. Söhbət təxminən 850
milyon manatdan [əlavə gəlirdən] gedir. Biz növbəti ilin vergi daxilolmalarını
qiymətləndirsək, 2 milyard 27 milyon manat neft sektoru üzrə kəsirimiz əmələ
gəlir. Lakin, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vergi daxilolmaları
gələn il cari illə müqayisədə 240 milyon manat çox olacaq”.

Nazirin sözlərinə görə, dövlət büdcəsinə ən əsası qeyri-neft sektoru üzrə
daxilolmalar əhəmiyyətli dərəcədə artır:

“Bu sektordan daxilolmalar 1 milyard manatdan yuxarıdır. Bunları da nəzərə
almaqla bizim fərqimiz təxminən 850 milyon manat təşkil edir. Amma bizim
qarşımızda proqramlar var və böyük vəzifələr qoyulub. İşğaldan azad edilmiş
ərazilərin yenidən qurulması, ölkə iqtisadiyyatına reinteqrasiyası, müdafiə
qabiliyyətimizin gücləndirilməsi kimi çağırışlar var. Bu işlərin görülməsi üçün
bizim xərclərimiz təxminən cari ilin səviyyəsində saxlanılıb. Yəni cüzi, 170
milyon manat artımdan söhbət gedir. Bunu təmin etmək üçün biz Dövlət Neft
Fondundan dövlət büdcəsinə transferti gələn il cari illə müqayisədə 1 milyard
manat artırmaq məcburiyyətindəyik. Münbit müsbət qiymət konyukturası bizə imkan
verir ki, büdcə qaydalarını pozmayaq Dövlət Neft Fondunun vəsaitlərinin
qalığını da saxlayaq”.

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsinin gəlirləri strukturunda ARDNF-dən
transfertlər 12 milyard 781 milyon manat (2023-cü ilin proqnozundan +8,9%)
səviyyəsində proqnozlaşdırılır.

Gələn il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat (2023-cü
ilin proqnozundan +1,2%), xərcləri – 36 milyard 763 milyon manat (+0,5%)
səviyyəsində proqnozlaşdırılır.

Source link