“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” adlı ədəbi-bədii
gecə keçirilib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda 18 oktyabr –
Müstəqilliyin Bərpası Günü münasibətilə “Azərbaycanın dövlət müstəqilliyi
əbədidir, sarsılmazdır” adlı ədəbi-bədii gecə keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi
bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla
yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elcin
Xəlilov tədbir iştirakçılarını salamlayaraq, Müdafiə Nazirliyi rəhbərliyinin
təbrikini şəxsi heyətə çatdırıb.
General-mayor E.Xəlilov qeyd edib ki, xalqımızın tarixində əlamətdar və tarixi
günlər çoxdur. Onlardan biri də 18 oktyabr günüdür. Otuz iki il öncə Azərbaycan
Respublikası Ali Soveti dövlət müstəqiliyi haqqında konstitusiya aktını qəbul
etdi. Oktyabrın 8-də isə növbədənkənar sessiya məsələni dörd gün müzakirə etsə
də qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il okytabrın 18-də
Ali Sovetin sessiyasında bu sənəd qəbul olundu.
Nəzərə çatdırılıb ki, 2022-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham
Əliyevintəşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni qanunu təsdiqləyib. Bu
qanuna əsasən mayın 28-i “Müstəqillik Günü”, okytabrın 18-i isə “Müstəqilliyin
Bərpası Günü” elan edilib.
General-mayor E.Xəlilov böyük qürur hissi ilə vurğulayıb ki, xalqımız və
Azərbaycan Ordusunun şəxsi heyəti “Müstəqilliyin Bərpası Günü”nü böyük qələbə
əhval-ruhiyəsi ilə qeyd edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın ərazi bütövlüyü
tamamilə bərpa edilib və dövlət bayrağımız artıq Xankəndidə, Xocalıda,
Ağdərədə, Əsgəran qalasında, Sərsəngdə də dalğalanmaqdadır. Müzəffər Ali Baş
Komandanın Xankəndidən birbaşa xalqa müraciəti hər bir Vətən əsgərinin də döyüş
ruhunu, mənəvi-psixoloji hazırlığını, vətənpərvərlik hissini daha da yüksəldib.
Layihə müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü
polkovnik Abdulla Qurbani Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında ulu
öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, dahi liderin özü qədər
inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi cənab İlham Əliyevin 20 illik
prezidentlik fəaliyyətində ata vəsiyyətini uğurla yerinə yetirdiyindən böyük
iftixar hissi ilə söhbət açıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı
kollektivinin ifasında “Böyük Zəfər marşı” (sözləri A.Qurbaninin, musiqisi
İ.Novruzovundur) tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Ədəbi-bədii gecədə Azərbaycana, Müzəffər Ali Baş Komandana, qalib Azərbaycan
Ordusuna həsr olunmuş hərbi marşlar, vətənpərvərlik mahnıları, xoreoqrafik
kompozisiyalar təqdim edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır” adlı ədəbi-bədii
gecə “Müzəffər Ordumuz” vətənpərvərlik mahnısı ilə başa çatıb.