Azərbaycanın Gürcüstanla transsərhəd əraziləri UNESCO-nun İrs Siyahısına
salına bilər – FOTO
“Hirkan” Milli Parkı bu yaxınlarda UNESCO-nun Dünya İrs Siyahısına salınıb.
Bundan sonra digər xüsusi mühafizə olunan, transsərhəd ərazilərimizin bu
siyahıya salınması məsələlərini Gürcüstanla birgə müzakirə edəcəyik”.
Bu fikirləri “Report”un Gürcüstan bürosuna açıqlamasında ekologiya və təbii
sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, Azərbaycanın bioloji müxtəlifliyin qorunması, meşələrin
mühafizəsi sahəsində Gürcüstanla çox sıx əməkdaşlıq əlaqələri var.
V.Kərimov bildirib ki, Gürcüstanda meşə qanunvericiliyi ilə bağlı çoxlu
təkmilləşmələr aparılıb:
“Azərbaycan qanunvericiliyinə nisbətən Gürcüstanın daha liberal, daha yumşaq
meşədən istifadə ilə bağlı qanunverici imkanları var. Onları öyrənib ölkəmizdə
tətbiq etmək istəyirik”.
“Qlobal iqlim dəyişikliyi ilə bağlı dəyişikliklərdə Gürcüstanla bağlı
çağırışlarda əməkdaşlığın olunması, su məsələləri ilə bağlı mümkün əməkdaşlıq
imkanlarına baxılması da müzakirə ediləcək mövzular sırasındadır”, – nazir
müavini vurğulayıb.