33c5e381-b99c-45fd-906f-759ef0a4d6e9..jpg

Azərbaycanın Koreyadakı səfirliyinin sabiq attaşesi 347 min manatı mərc oyunlarına yönəldib – İTTİHAM AKTI

Baxış sayı: 849 dəfə baxılıb.

Azərbaycanın Koreyadakı səfirliyinin sabiq attaşesi 347 min manatı mərc
oyunlarına yönəldib – İTTİHAM AKTI

Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş
Nəcib Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla
Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Nəcib Osmanov 2021-ci ilin mayından 2022-ci ilin
fevral ayına qədər səfirlik və səfirliyin işçilərinin kommunal, sığorta
ödənişləri üçün ayrılan 347 min vəsaiti mənimsəyərək, mərc və qumar oyunlarına
yönəldib.

O, ödəniş tapşırıqlarını səfir Rəmzi Teymurova möhürlətdirib
təsdiqlətdirdikdən sonra vəsaitləri bankdan çıxarıb. Lakin həmin pullar
təyinatı üzrə xərclənməyərək mərc oyunlarına yönləndirilib.

Sabiq attaşe özünü təqsirli bildiyini, əməlindən peşman olduğunu deyib. O,
mərc oyunlarının aludəçisi olduğu üçün bu yola əl atdığını da deyib.

Qeyd edək ki, Nəcib Osmanova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli
miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır
nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham
irəli sürülüb. Onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İş üzrə Xarici İşlər Nazirliyinə dəymiş ziyanın 77 min dolları ödənilib.

Source link