Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi cəhdi
növbəti dəfə ifşa olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və
özününküləşdirilməsi cəhdi növbəti dəfə ifşa olunub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 16-da Vyana Beynəlxalq Mərkəzinin Rotunda
zalında “Keçmişin gələcəyi: Ermənistanın ənənəvi incəsənətinin dirçəlişinə
dəstək verməklə qadın sahibkarların səlahiyyətlərinin artırılması” adlı sərgi
Azərbaycanın maddi-mədəni irsinin Ermənistan tərəfindən mənimsənilməsi və
özününküləşdirilməsi cəhdinə xidmət edib. Ermənistanın daimi nümayəndəliyi
tərəfindən təşkil olunmuş sərgidə Azərbaycan xalça sənətinin müxtəlif
məktəblərinə xas xalçalar erməni xalçaları kimi göstərilib. Diqqətçəkən məqam
ondan ibarət olub ki, ermənilər öz adlarına çıxdıqları, lakin onlarda mövcud
olmayan bir sıra Azərbaycan xalçalarının “zəngin erməni mədəni irsi”nin
nümunələri olduğunu “sübut” etmək üçün onların yalnız fotolarını sərgidə
asmaqla kifayətlənməli olublar.
Ölkəmizin mədəni irsini beynəlxalq səviyyədə erməniləşdirməyə növbəti dəfə
cəhd göstərən Ermənistan tərəfi sərgidə Azərbaycanın Qarabağ, Qazax və Şirvan
bölgələrinin klassik xalça kompozisiyaları əsasında toxunmuş “Çələbi”, “Xətai”,
“Qasımuşağı”, “Malıbəyli”, “Bəhmənli”, “Borçalı” və digər xalçalarını
özününküləşdirməyə çalışıb.
Azərbaycanın Avstriyadakı səfirliyi Ermənistan milli-mədəni irsinin nümayişi
pərdəsi altında təqdim olunan sərgi ilə bağlı BMT-nin Vyana bölməsinin
rəhbərinə rəsmi etiraz məktubu ünvanlayıb. Etiraz məktubunda bildirilib ki,
sərgidə Azərbaycanın xalq sənətinin ən qədim və mühüm sahələrindən biri olan
xalçaçılıq ənənələrinə xas ornamental elementləri ehtiva edən xalçaların erməni
xalçaları kimi təqdim olunması təxribat və tarixi saxtalaşdırmaqdır. Diqqətə
çatdırılıb ki, 2010-cu ildə ənənəvi Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun
Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Acınacaqlı haldır ki, Ermənistanın nümayiş etdirdiyi xalça ornamentləri son üç
onillikdə bu ölkənin işğalı altında olan Azərbaycanın Qarabağ bölgəsinin
xalçaçılıq ənənələrinə aiddir.
Məktubda diqqətə çatdırılıb ki, Azərbaycanın mədəni sərvətini təşkil edən
xalçaların onun razılığı olmadan sərgilənməsi və onların guya Ermənistana
məxsus olduğunu iddia etmək ölkəmizin mədəni sərvətlərinin açıq şəkildə
mənimsənilməsidir. Bu, yolverilməzdir və pislənilməlidir. Ermənistanın müxtəlif
platformalardan sui-istifadə edərək beynəlxalq ictimaiyyəti aldatmaq və
ölkəmizə qarşı ərazi iddiaları ilə yanaşı, Azərbaycanın mədəni və dini irsinə
əsassız iddialar irəli sürməsinə dair ilk hal deyil. Azərbaycan ərazilərinin
Ermənistan tərəfindən işğalı zamanı ölkəmizin mədəni sərvətlərinin və irsinin
oğurlanması, talan edilməsi, mənimsənilməsi, qeyri-qanuni daşınması baş verib.
Bütün bunlar beynəlxalq hüququn və konvensiyaların kobud şəkildə pozulmasıdır.
Azərbaycan tərəfi BMT-nin Vyana bölməsinin rəsmilərini Ermənistanın Vyanadakı
beynəlxalq təşkilatlardan öz siyasi məqsədləri və ölkəmizə qarşı əsassız
iddialar naminə sui-istifadə etməsinin qarşısını almaq üçün təcili şəkildə qəti
tədbirlər görməyə çağırıb.
Qarabağ xalçaçılıq məktəbinə aid olan Xətai xalçası
Qarabağın xalçaçılıq məktəbinin məşhur Çələbi xalçası
Qarabağ xalçalarının Şuşa qrupuna aid Malibəyli xalçası
Qarabağ xalçalarının Cəbrayıl qrupuna aid Bəhmənli xalçası
Qarabağ xalçalarının Cəbrayıl qrupuna aid Qasımuşağı xalçaları
Gəncə-Qazax xalçalarının Qazax qrupuna aid Borçalı xalçaları
Gəncə-Qazax xalçalarının Qazax qrupuna aid Qaraqoyunlu xalçası
Qeyd edək ki, Ermənistan tərəfindən sərgidə nümayiş etdirilən xalça
şəkillərinin Azərbaycan xalça sənətinin tərkib hissəsi olması Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin ekspert komissiyası adından Azərbaycan
Milli Xalça Muzeyi tərəfindən faktlarla sübuta yetirilib.