Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb –
YENİLƏNİB + FOTO
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi başa çatıb.
Mərhumun cənazəsi dəfn edilməsi üçün İkinci Fəxri Xiyabana aparılır.
10:39
Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovla vida mərasimi keçirilir.
“Report” xəbər verir ki, vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX)
Mədəniyyət Mərkəzində təşkil olunub.
Mərasimdə DTX-nin rəhbərliyi, şəhidin döyüş yoldaşları, ailə üzvləri və
ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra Riad Əhmədovun nəşi İkinci Fəxri Xiyabanda dəfn
ediləcək.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri
müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə
nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət
Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad
Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb.
1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış
müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli
Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci
il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki
döyüşdə yaralanaraq itkin düşüb.
Daha çox foto burada: PhotoStock.az